REGİONLAR
Müharibə şəraitində informasiya təhlükəsizliyi
Ağstafa, 28 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağstafa şəhərindəki 1 nömrəli tam orta məktəbdə "Müharibə şəraitində informasiya təhlükəsizliyi" mövzusunda tədbir keçirilib.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü ilə əlaqədar Fond tərəfindən ezam edilən "Arqumentı i faktı" və "Komsomolskaya pravda" həftəlik qəzetlərinin Azərbaycan üzrə redaktorunun müavini Eldar Həsənov çıxış edərək mövzunun əhəmiyyətini diqqətə çatdırıb. O, bu sahədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamının çox mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirən informasiyaların yerləşdirilməsi milli mənafeyimizə uyğun deyildir. Bu sahədə əhali arasında təbliğat və izahat işlərinin aparılması daim diqqət mərkəzində saxlanılmalıdır.
Tədbirdə şagirdlərin bu məsələ ilə bağlı sualları cavablandırılıb.
İştirakçılar sonda Ağstafa şəhərindəki tarixi və müasir abidələr parkında olublar.