Müharibədən qazananlar
Bakı, 14 fevral, AZƏRTAC
Rusiya-Ukrayna münaqişəsinin nəticəsi olaraq baş verən enerji böhranı neft və qaz sahəsində fəaliyyət göstərən Qərbin 5 şirkətinin gəlirini olduqca böyük məbləğdə artırıb.
AZƏRTAC "Европейська правда" saytında istinadla xəbər verir ki, Avropa dövlətlərinin Rusiya qazından imtinası enerji qiymətlərinin həddən artıq yüksəlməsinə səbəb oldu. Bundan istifadə edən şirkətlər külli miqdarda gəlir əldə edə bildilər.
Sayt yazır ki, “ExxonMobil” şirkəti 2021-ci ildə 23 milyard dollar gəlir əldə etmişdirsə, 2022-ci ildə şirkətin gəliri 157 faiz artaraq 59,1 milyard dollara çatıb.
“Shell” şirkəti 2021-ci ildə 19.3 milyard dollar qazanmışdır, lakin 2022-ci ildə şirkətin qazancı 107 faiz artaraq 39,87 milyard dollar olub.
“Chevron” 2021-ci ili 15,6 milyard dollar gəlirlə başa vurub, 2022-ci ildə isə şirkətin gəliri 134 faiz artaraq 36,5 milyard dollar olub.
“TotalEnergies” şirkəti 2021-ci ildə 18,1 milyard dollar gəlir əldə edib, 2022-ci ildə isə şirkətin gəliri 100 faiz artaraq 36,2 milyard dollar olub.
BP şirkəti də gəlirini 116 faiz artırıb. Belə ki 2021-ci ildə 12,8 milyard, 2022-ci ildə isə 27,6 milyard dollar qazanc əldə edib.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu şirkətlərin külli miqdarda gəlirləri vergiyə cəlb olunmayıb. Təmsil etdikləri dövlətlərin parlamentlərində adı yuxarıda çəkilən şirkətlərin əlavə gəlir vergisinə cəlb edilməsi barədə məsələ qaldırılsa da, heç bir tədbir görülməyib.
Təsadüfi deyil ki, Qərb mətbuatında da müharibənin kimlər üçünsə yaxşı gəlir mənbəyi olması haqqında yazılar dərc olunur.