Mühüm addım - Azərbaycan və Ermənistan vasitəçilərsiz sülhə daha tez nail olar
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan çox böyük tarixi hadisələr ərəfəsindədir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə yaydıqları açıqlama, Bakı ilə İrəvan arasında birbaşa danışıqlar sülh prosesini daha yüksək səviyyəyə qaldırır. Bu xoş niyyət gələcək sülh və əməkdaşlığın açarı ola bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova söyləyib. O qeyd edib ki, tarixi əhəmiyyətə malik bu əlamətdar razılaşma heç bir beynəlxalq vasitəçi olmadan əldə edilib. Bu, bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında artıq heç bir vasitəçiliyə ehtiyac yoxdur. Bu açıqlamanın bir neçə istiqamətdə təhlilini vermək olar. İlk növbədə, bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi və diplomatik qətiyyətinin, müdrik uzaqgörənliyinin və iradəsinin nəticəsidir. Dövlətimizin başçısı hər bir vətəndaşının həyatı üçün necə mübarizə apardığını, insan taleyinin nə qədər önəmli olduğunu əyani surətdə nümayiş etdirdi. Ermənistanın qanunsuz şəkildə, bütün beynəlxalq konvensiyalar və bəşəri dəyərlər tapdanmaqla saxladığı iki əsgərimizin əvəzində 32 erməni diversantını qaytardı.
“32 nəfərlik siyahıda Azərbaycan xalqına qarşı hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törətmiş bədnam rejimin liderləri - Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslərin adı yoxdur və bu, mümkün deyil. İkincisi, bu razılaşma göstərdi ki, bu iki ölkə beynəlxalq platformada bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti əsas götürərək, bir-birini dəstəkləyə bilər. Razılaşmada da qeyd olunduğu kimi, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Azərbaycan Respublikası isə öz növbəsində Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. Ermənistan hökuməti və cəmiyyəti dərk edir ki, Cənubi Qafqazda həyata keçirilən nəhəng layihələrdən kənarda qalır və bu, onu dalan ölkəsi kimi xarakterizə edir. Ermənistana havadarlıq edən ölkələr isə əslində rəsmi İrəvana və erməni xalqına heç bir fayda verməyəcək. Bunu tarixi təcrübə göstərdi. Azərbaycan Prezidenti isə dəfələrlə qeyd edib ki, “bizim Ermənistan ərazisini ələ keçirmək kimi heç bir planımız yoxdur”. Azərbaycanı bu məsələdə əsassız ittiham edən ölkələr əslində Ermənistanın vəziyyətini daha da çətinləşdirirlər. Lakin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş nazirinin Aparatı arasında aparılan danışıqlar nəticəsində iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün real addımların atılmasına dair razılıq əldə olunması, Cənubi Qafqazda sülh nəqliyyat infrastrukturunun, sənayenin, ticarətin və investisiyaların inkişafına gətirib çıxaracaq və bundan hər kəs faydalanacaqdır”, - deyə H.Hüseynova bildirib.
Deputat vurğulayıb ki, rəsmi Bakı Azərbaycanın Ermənistanla sərhədin delimitasiya və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazır olduğunu dəfələrlə bildirib. Noyabrın 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. Ümid etmək olar ki, bu proses də sürətlənəcək.