ELM VƏ TƏHSİL
Mükafatlar təhsil işçilərinə təqdim olunub
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 60 nəfər təhsil işçisi “Tərəqqi” medalı ilə təltif edilib, 60 nəfərə “Əməkdar Müəllim”, 4 nəfərə isə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları verilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Təhsil Nazirliyində təşkil olunan tədbirdə mükafatlar sahiblərinə təqdim olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov təhsilə və təhsil işçilərinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Ölkəmizdə təhsilin inkişafına böyük əhəmiyyət verildiyini vurğulayan M.Cabbarov bu sahədə reallaşdırılan islahatlardan danışıb. Hər bir ölkənin uğurlu gələcəyinin təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunduğunu söyləyən nazir ölkəmizdə təhsil sisteminin daim yenilənməsi istiqamətində səmərəli işlər görüldüyünü diqqətə çatdırıb.
Mükafata layiq görülmüş təhsil işçiləri göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.