REGİONLAR
Mülki Müdafiə Alayının bazasında keçirilən taktiki-xüsusi təlimə 145 nəfər şəxsi heyət cəlb olunub
Naxçıvan, 3 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Mülki Müdafiə Alayının bazasında taktiki-xüsusi təlim keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən taktiki-xüsusi təlimə, ümumilikdə, 21 xüsusi təyinatlı texnika və 145 nəfər şəxsi heyət cəlb olunub.
Təlimin taktiki tapşırığına uyğun muxtar respublika ərazisində şərti olaraq baş vermiş zəlzələ, partlayış və digər fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması nümayiş olunub.
Xilasedicilər isə xüsusi təyinatlı itlərin və cihazların vasitəsilə uçqunlar və dağıntılar altında qalmış insanların axtarışını və xilas edilməsini müxtəlif üsullarla, beynəlxalq işarələrdən istifadə etməklə həyata keçirib.
Digər təlim yerində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri zədələnmiş binalarda qalan, eləcə də uçmuş binaların zirzəmisindən zərərçəkənləri çıxarıb, ilkin tibbi yardım göstəriblər. Xidmətin xilasediciləri ağır yol-nəqliyyat qəzalarında avtomobillərdə qalmış və xəsarət almış insanları da xilas ediblər.
Təlim zamanı zərərçəkənlərin yerləşdirilməsi üçün çadır şəhərciyinin quraşdırılması və digər vacib işlər həyata keçirilib.
Növbəti təlim yerində neft və neft məhsulları saxlanılan obyektlərdə şərti baş vermiş yanğının qarşısının alınması və söndürülməsi işi məşq etdirilib.
Təlim yerlərində xilasetmə və digər təxirəsalınmaz işlər başa çatdıqdan sonra təlimə cəlb olunan şəxsi heyətlə təhlil aparılıb və növbəti təlimlərin keçirilməsi üçün tapşırıqlar verilib.