REGİONLAR
Murad Adıgözəlzadə: Qəbələ festivalı Azərbaycanın musiqi həyatında əlamətdar hadisəyə çevrilib
Qəbələ, 3 avqust, Mustafa Dadşov, AZƏRTAC
Qəbələdə ənənəvi olaraq keçirilən Beynəlxalq Musiqi Festivalı Azərbaycanın musiqi həyatında əlamətdar hadisəyə çevrilib. Bu festival musiqimizin dünyada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, pianoçu Murad Adıgözəlzadə deyib.
Onuncu yubiley festivalının başlanmasını səbirsizliklə gözlədiyini vurğulayan musiqiçi builki festivalın proqramının çox zəngin olduğunu bildirib. “Festival günlərində tamaşaçılar dünyanın tanınmış musiqiçilərinin ifasında dünya klassiklərinin əsərlərini dinləmək imkanı əldə edirlər. Hər gün keçirilən konsertlər, bir-birindən gözəl ifalar, dahi bəstəkarların əsərləri tamaşaçılara unudulmaz anlar yaşadır. Festival günlərində Qəbələyə gələn xarici qonaqlar Azərbaycanın, onun bölgələrinin sürətli inkişafını öz gözləri ilə görür, xalqımızın adət-ənənələri, mədəniyyəti, musiqisi ilə yaxından tanış olurlar. Onların ölkəmiz haqqında təəssüratları daha da zənginləşir. Bu baxımdan, Qəbələ festivalı çox böyük əhəmiyyətə malikdir”, - deyə tanınmış pianoçu qeyd edib.