İDMAN
Murad İbrahimli: Avropa çempionatında Azərbaycanı yüksək səviyyədə təmsil etdiyimə görə qürur duyuram
Bakı, 3 iyun, Leyla Qurbanova, AZƏRTAC
Bu günlərdə başa çatan şahmatın rapid növü üzrə onlayn Avropa çempionatında təmsilçilərimiz uğurla çıxış ediblər. Şahmatçılarımızdan turnirin D qrupunda qalib olmuş Murad İbrahimli AZƏRTAC-a müsahibə verərək qələbə sevincini izləyicilərimizlə bölüşüb. O, indiyə qədər sürətli və klassik şahmat üzrə bir sıra nailiyyətlər əldə etdiyini, rapid üzrə isə ilk böyük qələbəsini qazandığını bildirib: “Turnirin D qrupunda reytinqi 2300-ə qədər olan şahmatçılar iştirak edirdilər. Sevindirici haldır ki, yarışda birinci və ikinci yerləri təmsilçilərimiz tutublar. Belə ki, ikinci yerdə komandamızın digər üzvü Abdulla Qədimbəyli qərarlaşıb. Avropa çempionatında Azərbaycanı yüksək səviyyədə təmsil etdiyimə görə qürur duyuram”.
Qeyd edək ki, 2155 reytinqlə 296-cı sıradan yarışa start verən istedadlı şahmatçımız 7,5 xalla turniri şəriksiz lider kimi başa vurub. O bu göstərici ilə reytinqini 74 punkt artırıb.
Şahmatçının məşqçisi, Əməkdar məşqçi İlham Əliyev M.İbrahimlinin çox istedadlı idmançı olduğunu bildirib. O, qeyd edib ki, Murad bir sıra turnirlərdə dünyanın tanınmış şahmatçılarına - İran əsilli Əlirza Firuzca və digərlərinə qalib gəlib. Məşqçi Avropa çempionatında daha bir yetirməsinin, Selcan İsmayılın (A qrupu) qızlar arasında ikinci yeri tutduğunu bildirib.
Qeyd edək ki, Sumqayıt şahmat məktəbinin yetirməsi M.İbrahimli 2015-ci və 2018-ci illərdə şahmat üzrə məktəblilərin dünya çempionatında qalib olub, 2016-cı ildə isə analoji yarışda ikinci yeri tutub. İki dəfə - 2016-cı ildə 14 yaşlılar, 2018-ci ildə 16 yaşlılar arasında Azərbaycan çempionu adına layiq görülüb. 2018-ci ildə beynəlxalq “Naxçıvan Open” şahmat festivalında 3-9-cu yerləri bölüşüb. Daha sonra 2019-cu ildə keçirilən “Baku Open” beynəlxalq şahmat turnirində 2-ci nəticəni göstərib.