SİYASƏT
MURMANSK VİLAYƏTİNİN QUBERNATORU: “BİZ AZƏRBAYCAN İLƏ ƏMƏKDAŞLIĞA VƏ QARŞILIQLI FƏALİYYƏTƏ DAİR BÜTÜN TƏKLİFLƏRİ NƏZƏRDƏN KEÇİRMƏYƏ HAZIRIQ”
Rusiyanın Murmansk vilayətinin qubernatoru Yuri Yevdokimov AZƏRTAC-ın müxbirinə demişdir: “Biz Rusiyada işləyən Azərbaycan nümayəndələri ilə sıx əlaqə saxlayırıq. Bu yaxınlarda Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Murmanska gəlmişdi. O, bizim millətlərarası tarazlığın qorunmasına dair səylərimizi yüksək qiymətləndirmiş, siyasətimizin, habelə Azərbaycan diasporu nümayəndələrinin fəaliyyətinin nəticələri ilə yaxından tanış olmuşdur”.
Qubernator sonra demişdir: “Biz Azərbaycan tərəfi ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət barədə bütün təklifləri nəzərdən keçirməyə hazırıq. Əgər Azərbaycan regionumuzda fəaliyyətə maraq göstərərsə, biz buna çox şad olarıq. Murmansk vilayətinin neft və qaz sənayesi sahəsində mütəxəssislərə ehtiyacı vardır. Mən bilirəm ki, Azərbaycan yüksək ixtisaslı neftçilər və qaz sənayesi işçiləri hazırlayır. Marketinq və loqistika sistemini yaxşı təşkil etmək bacarığına görə Azərbaycan xalqının nümayəndələrinə böyük hörmətimiz var və bu sahədə konkret təkliflər gözləyirik”.