ELM VƏ TƏHSİL
Murtuza Nağıyev kimyada resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır
Akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilmiş konfrans keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin “Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb.
Murtuza Nağıyevin mənalı ömür yolundan, elmi yaradıcılığından danışan AMEA-nın prezidenti onun kimya elminə dəyərli töhfələr verdiyini diqqətə çatdırıb. Bildirilib ki, kimya-texnologiyası nəzəriyyəsinin yeni bir elm sahəsi kimi yaranması və inkişafı Murtuza Nağıyevin adı ilə bağlıdır.
Akademik Akif Əlizadə görkəmli alimin Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, yüksək ixtisaslı kimyaçı mütəxəssislərin hazırlanması sahəsində mühüm xidmətlərini diqqətə çatdırıb. O, AMEA Rəyasət Heyətinin qərarı ilə kimyaçı alimin 110 illik yubileyinə töhfə olaraq Murtuza Nağıyevin “Seçilmiş əsərləri”nin nəşr olunduğunu bildirib.
AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Murtuza Nağıyevin elmə gətirdiyi yeniliklərdən, qazandığı nailiyyətlərdən bəhs edib.
Qeyd edilib ki, Murtuza Nağıyev kimyada resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır. Görkəmli alim uzun müddət akademiya institutlarına rəhbərlik etməklə yanaşı, 1952-1957-ci illərdə AMEA-nın Fizika-Texnika bölməsinin akademik-katibi, 1957-1959-cu illərdə AMEA-nın vitse-prezidenti, 1961-1966-cı illərdə isə AMEA-nın baş elmi katibi olub. Alim pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Sənaye İnstitutunun (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya texnologiyası fakültəsində krekinq proseslərinin texnologiyası fənnindən dərs deyib, Bakı Dövlət Universitetinin fiziki-kimya kafedrasına rəhbərlik edib və tələbələrə kimyəvi kinetika sahəsi üzrə mühazirələr oxuyub.
V.Fərzəliyev Murtuza Nağıyevin Azərbaycan dilində neft texnologiyasına dair ilk dərsliyin müəllifi olduğunu vurğulayıb. Bildirilib ki, akademik Murtuza Nağıyev 300-dək elmi əsərin, 30 fundamental monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə neçə-neçə dissertasiyalar müdafiə olunub. Alim, həmçinin müxtəlif dövlət mükafatlarına layiq görülüb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Murtuza Nağıyevin elmi fəaliyyətinin əhəmiyyətindən danışıb. Akademikin xatirəsinin ADNSU-da daim əziz tutulduğunu deyən rektor onun vaxtilə bu ali məktəbdə dosent vəzifəsində çalışdığını xatırladıb. Mustafa Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsində akademik Murtuza Nağıyevin adını daşıyan auditoriya açıldığını, universitetdə alimin adına təqaüd təsis olunduğunu diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, akademik Ağadadaş Əliyev Murtuza Nağıyevin zəngin irsini öyrənməyin əhəmiyyətini vurğulayıb, akademiklə bağlı xatirələrini bölüşüblər.
Görkəmli alimin oğlu, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev atasının xatirəsinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra bölmə iclasları olub.