MÜSABİQƏ UĞURLA HƏYATA KEÇİRİLİR
Mingəçevir regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Şəmşid Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, “Gözəl şəhər, təmiz kənd və layiqli vətəndaş” devizi ilə keçirilən respublika baxış-müsabiqəsinin birinci mərhələsinə yekun vurulmuşdur. Layihəyə əsasən Yevlax, Mingəçevir, Ağdaşda qanunsuz 200 kubmetr zibillik yerləri ləğv edilmiş, profilaktik dezinfeksiyadan keçirilmişdir. Məişət tullantılarının müvəqqəti saxlanması üçün 26 yer müəyyən olunaraq, 56 metal konteyner qoyulmuş, 12 təzə texnika alınmış, lazımi qədər işçi qüvvəsi cəlb edilmişdir.
Yaz mövsümündə regionda 4 hektar yeni yaşıllıq sahəsi salınmış, 50 min ağac və 85 min gül-çiçək kolu əkilmişdir. Ətraf mühitin mühafizəsini yaxşılaşdırmaq, bu mühüm məsələdə vətəndaşların fəallığını artırmaq məqsədi ilə yaşayış yerlərində və müəssisələrdə tədbirlər keçirilmişdir.