İQTİSADİYYAT
Müsabiqə yolu ilə işə qəbul olunanlarla görüş keçirilmişdir
Bakı, 14 iyun (AZƏRTAC). ARDNŞ-in İnsan Resursları Departamentində şirkətin müəssisə və təşkilatları tərəfindən elan olunan vakansiyalara müraciət edən və müsabiqədən müvəffəqiyyətlə keçən 33 nəfərlə görüş keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli demişdir ki, ARDNŞ-də işə qəbul prosesi müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun olaraq ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bilikli, bacarıqlı, səriştəli və peşəkar vətəndaşlar üçün şirkətdə iş imkanları hər zaman mövcuddur. Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər çıxış edərək bildirmişlər ki, test, peşə sınaq imtahanı və müsahibə prosesində mənfi halın baş verməməsi, obyektivlik və şəffaflığın qorunması tam təmin olunmuş, onlara səmimi münasibət göstərilmişdir. Onlar göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli də öz növbəsində müsabiqələrdən müvəffəqiyyətlə keçən namizədləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.