REGİONLAR
Müsabiqədə uğur qazanmış namizədlər Naxçıvanda dövlət orqanlarında vəzifələrə təyin olunublar
Naxçıvan, 4 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi və dövlət qulluğunun yüksək şəxsi keyfiyyətlərə və ixtisas biliklərinə malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2018-ci il noyabrın 5-də elan edilmiş müsabiqəyə 40 dövlət orqanından 305 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 583 nəfər sənəd təqdim etmişdi.
Müsabiqənin 2019-cu il 7-21 yanvar tarixlərində keçirilən test imtahanları mərhələsində 570 namizəd iştirak edib və onlardan 257-si uğur qazanıb. Test imtahanında keçid balını toplamış 250 nəfər və digər müsabiqələrdə sertifikat əldə etmiş 25 nəfər olmaqla, ümumilikdə, 275 namizəd müsahibə mərhələsində iştirak etmək üçün sənəd verib.
Müsabiqənin martın 1-18-də keçirilən müsahibə mərhələsində 210 namizəd iştirak edib, 106 nəfər müvəffəqiyyət qazanıb. Onlardan 100-nün sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib və 99-u iddia etdikləri vəzifələrə təyin olunub, 1 namizəd təklif olunan vəzifədən imtina edib. Müsahibə mərhələsində müvafiq keçid balını toplamış 6 namizəd ehtiyat kadr siyahısına salınıb.