İQTİSADİYYAT
MÜSİAD-ın Azərbaycandakı şöbəsində yerli jurnalistlərlə görüş keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin təşkilatçılığı ilə yerli jurnalistlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə əvvəlcə Türkiyədə 15 iyul - dövlət çevrilişi cəhdinə qarşı qardaş ölkə xalqının əzmkar mübarizəsini əks etdirən qısa film nümayiş olunub.
MÜSİAD-ın Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun bu qurumun fəaliyyətinə dair təqdimatla çıxış edib.
Bildirib ki, 1990-cı ildə 12 iş adamı tərəfindən təsis olunan MÜSİAD-ın hazırda 11 mindən çox üzvü var. Dünyanın 68 ölkəsində 181 şöbəsi olan MÜSİAD 50 mindən çox müəssisəni və 1,6 milyon işçini əhatə edir. Dərnək Türkiyənin ən böyük şirkətləri ilə yanaşı, kiçik biznes təmsilçilərinin də beynəlxalq əlaqələrinin qurulması və xarici bazarlara çıxması üçün əlverişli platforma təqdim edir.
MÜSİAD-ın Azərbaycan şöbəsinin bu il iyunun 1-dən fəaliyyətə başladığını vurğulayan A.Uzun qurumun üzvlərinin sayının sürətlə artdığını bildirib. Vurğulayıb ki, MÜSİAD-ın Azərbaycan şöbəsinin hədəfi milli və beynəlxalq səviyyədə üzvlərin sayını artırmaq, onlar arasında həmrəyliyi gücləndirmək, ölkələrimizin inkişafına töhfə verməkdir. Hazırda 35 üzvü olan şöbə fəaliyyətinin birinci ili ərzində üzvlərinin sayını 100-ə, üç ildə isə 500-ə çatdırmağı planlaşdırır. Dərnəyin Azərbaycan şöbəsi sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, Azərbaycan iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin təşviq edilməsi istiqamətində bir sıra layihə və proqramlar reallaşdırmağı planlaşdırır.
Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.