MƏDƏNİYYƏT
Musiqi məktəbi şagirdlərinin beynəlxalq müsabiqədə uğuru
Bakı, 7 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Astana Stars” Beynəlxalq Festival Hərəkatının təşkilatçılığı və Nur-Sultan şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə Qazaxıstanda keçirilən və Frans İosif Haydenin 290 illiyinə həsr olunmuş “Fantasia” I Beynəlxalq Klassik Musiqi Müsabiqəsində uğurla çıxış ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin qanun ixtisası üzrə şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Xədicə Balabəyova "Simli alətlər" nominasiyası üzrə 11-13 yaş kateqoriyasında yaşıdları arasında Qran-Pri mükafatına layiq görülüb. 14-16 yaş kateqoriyasında eyni nominasiyada çıxış edən qanun ixtisası üzrə şagird Əsmər Qədirli isə I dərəcəli laureat adını qazanıb.
Müsabiqədə Xədicə Adil Gərayın “Səfikürd”, Əsmər isə “Bağçakürd” əsərlərini ifa edərək mədəniyyət sahəsində aparıcı mütəxəssislərdən, professor və Əməkdar incəsənət xadimlərindən ibarət nüfuzlu münsiflər heyətinin rəğbətini qazanaraq müsabiqənin qalibi olublar.
Münsiflər heyəti hər iki ifaçının müəllimlərini şagirdlərin hazırlanmasında göstərdikləri yüksək peşəkarlığa və musiqi-estetik inkişaflarına verdikləri böyük töhfəyə görə Vəfa Babazadəni və Ayna Səttarovanı “Təşəkkürnamə” ilə təltif ediblər.