MƏDƏNİYYƏT
Musiqili Teatr IV İslam Həmrəyliyi Oyunlarına hazırdır
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Musiqili Teatrın gələn ay xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini söyləyib.
“May ayında teatrımızda 26 tamaşanın nümayiş etdirilməsi nəzərdə tutulur. Mayın 5-dən 30-dək, demək olar ki, hər gün iki səhnə əsəri tamaşaçılara – qonaqlara, turistlərə, yarış iştirakçılarına təqdim olunacaq. Bu əsərlərin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Gələn ay Azərbaycana, xüsusilə də idman yarışlarının keçiriləcəyi paytaxtımıza dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların – turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Bunu nəzərə alaraq repertuarımıza ingilis dilinə tərcümə olunmuş bir sıra əsərləri daxil etmişik. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, Ə.Haqverdiyevin “Kimdir müqəssir?”, O.Kazimi və R.Heydərin “Qızıl toy”, R.Hacıyevin “Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə repertuarımızdakı əsərlərin tərcümə edilməsi tamaşalarımızın xarici dillərdə nümayişinə xüsusi şərait yaradır. Biz artıq bu təcrübədən istifadə etmişik və kifayət qədər də uğurlu nəticələr əldə olunub. “Bakı-2015” Birinci Avropa Oyunları zamanı Azərbaycana gələn qonaqlar, azarkeşlər, Ümumdünya Gömrük Təşkilatının gömrük xidmətləri əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının və Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının təqribən 70-dək dövləti təmsil edən 400-dək mötəbər iştirakçısı ingilis dilində tərcümə sətirlər vasitəsilə müxtəlif tamaşalarımızı izləyiblər. Hər dəfə də qonaqlarımız çox böyük zövq aldıqlarını, razı qaldıqlarını bildiriblər. Xüsusi iş rejimində fəaliyyət göstərəcək teatrımızın IV İslam Həmrəyliyi Oyunları zamanı da eyni uğurları qazanacağına əminəm. Yeri gəlmişkən bildirim ki, gələn ay bir sıra tamaşalarımız rus dilində də nümayiş olunacaq. Bütün bunlara əsaslanaraq tam məsuliyyəti ilə deyə bilərəm ki, Azərbaycan Dövlət Musiqili Teatrı IV İslam Həmrəyliyi Oyunlarına hazırdır. Qonaqlarımızın yolunu səbirsizliklə gözləyirik. İnanırıq ki, onlar Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar”, - deyə Əliqismət Lalayev bildirib.