MƏDƏNİYYƏT
Musiqili Teatrın kollektivi beynəlxalq festivala yola düşüb
Bakı, 13 yanvar, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına yola düşüb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaradıcı heyət festivalında dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası ilə ölkəmizi təmsil edəcək. Teatrın kollektivi bu münasibətlə yanvarın 13-dən 18-dək Təbrizdə səfərdə olacaq.
“35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız və ölkəmizi bu beynəlxalq festivalda təmsil etməyimiz kollektivimizdə ikiqat məsuliyyət hissi və ruh yüksəkliyi yaradıb. Bu mötəbər festivaldakı çıxışımızın uğurlu alınacağına inanıram. Ümumiyyətlə, 2017-ci ilin Musiqili Teatr üçün uğurla başladığını deyə bilərik. Bir neçə gün öncə teatrımızın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanı təhvil verdik. İmre Kalmanın məşhur “Silva” operettasının premyerasını çox böyük uğurla keçirtdik və bu səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Yanvar ayının sonlarında isə daha bir premyera gözlənilir. Təqdim etməyə hazırlaşdığımız İlyas Əfəndiyevin “Mənim günahım” əsərinin də uğur qazanacağına, tamaşaçılarımız tərəfindən seviləcəyinə inanıram”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev söyləyib.
Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar Artist Vaqif Məstanovdur. Təbrizdə göstəriləcək tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.