REGİONLAR
Mutant pambıq toxumları əkilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda xəstəliklərə davamlı yeni məhsuldar pambıq sortları yaradılacaq
Gəncə, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun apardığı tədqiqatlarla respublikada xəstəliklərə davamlı yeni məhsuldar pambıq sortları yaradılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə pambıq bitkisində xəstəliklərə, quraqlığa, şoranlığa davamlı yeni mutant xətlərin alınması üzrə Ucar rayon Şirvan Təcrübə Stansiyasında və Samux Təcrübə Stansiyasında sınaqlara başlanılıb.
Samuxda xəstəliklərə, Ucarda isə şoranlığa və quraqlığa davamlı sortların alınması üzrə tədqiqat işləri aparılır. Bunun üçün toxumlar Radiasiya Problemləri İnstitutunda 3 dozada şüalandırılaraq sahələrə əkilib. Proses zamanı heç bir dərmandan istifadə edilməyib. Artıq mutant toxumlar üzrə ilkin nəticələr var.
İnstitutun aparıcı elmi işçisi Nizami Hüseynov bildirib ki, “Gəncə-78” və “Gəncə-80” sortlarında hər variantda, 3 dozada (150, 300, 450 qrey) tədqiqat işlərinə başlanılıb. Şüanın çoxluğundan 450 qrey toxumun rüşeymində müəyyən dəyişikliklər olub. Ona görə də, hazırda bitkidə çıxış zəifdir. Lakin, bu, normal sayılır. Növbəti tədqiqat ilində isə həmin sahələrdən götürülmüş toxumlar ikinci nəsil olaraq, yenə həmin sahələrə əkiləcək. Artıq seleksiya prosesi göstərir ki, 8-10 ilə bu sahədə nəticə almaq mümkündür. Analoji üsul daha əvvəl Türkiyə, Yunanıstan və Pakistanda tətbiq olunub və müsbət nəticələr əldə edilib.