CƏMİYYƏT
Müvafiq kateqoriyalardan olan 23,1 min nəfərə ödənilən Prezident təqaüdünün məbləği artırılıb
Bakı, 21 fevral, AZƏRTAC
Ölkə Prezidenti İlham Əliyevin fevralın 20-də verdiyi fərman və sərəncamları Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olanların, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin və ümumi səbəblərdən I qrup əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlərin davam etdirilməsinə imkan verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqədar şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezidentin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 fevral 2018-ci il tarixli Fərmanı Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezident təqaüdünün aylıq məbləğinin 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilməsini nəzərdə tutur. Fərmana əsasən, müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 360 min manat əlavə vəsait ayrılacaq.
Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Prezident təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 29,5 min manat əlavə vəsaitin ayrılması təmin ediləcək.
“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamın şamil olunacağı şəxslərin sayı isə 22,6 min nəfər təşkil edir. Onlara Prezident təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 1,5 milyon manat əlavə vəsait ayrılacaq.
Ölkə Prezidentinin “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamı isə 61 nəfərə şamil olunacaq. Sərəncamla müvafiq artımın edilməsi məqsədilə dövlət büdcəsindən ilin sonunadək 12,2 min manat əlavə vəsaitin ayrılması təmin olunacaq.
Həmin fərman və sərəncamlar ümumilikdə bu il yanvarın 1-nə qədər olan göstəricilər nəzərə alınmaqla 23 min 82 nəfərə şamil olunacaq və onlara Prezident təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 1,9 milyon manat təşkil edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlərin icrasının vaxtında və tam şəkildə təmin olunması üçün məqsədyönlü işlər görəcəkdir.