SİYASƏT
MÜXALİFƏT PARTİYALARI LAÇIN RAYON TƏŞKİLATLARININ SƏDRLƏRİ PREZİDENT SEÇKİLƏRİNİN ŞƏFFAF, DEMOKRATİK VƏ BEYNƏLXALQ STANDARTLARA UYĞUN KEÇİRİLDİYİ BARƏDƏ BİRGƏ BƏYANAT YAYMIŞLAR
AZƏRTAC xəbər verir ki, Müsavat, Azərbaycan Milli İstiqlal, Azərbaycan Kommunist, Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ana Vətən və Sosial Rifah partiyaları Laçın rayon təşkilatlarının sədrləri Rafiq Kərimov, Asif İsayev, Akif Mirzəyev, Mübariz Vəliyev, Nəsimi Məmmədov, İsabala Əsgərov, Abdulla Abdullayev və Ramiz Mehdiyev oktyabrın 15-də keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı birgə bəyanatla çıxış etmişlər.
Bəyanatda deyilir ki, prezident seçkilərində 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasının 100 seçki məntəqəsi üzrə səsvermə prosesini müşahidə etmək üçün bütün siyasi partiyaların bərabər iştirakı təmin edilmiş, səsvermə günü bizə seçkilərin gedişini izləməkdən ötrü hərtərəfli şərait yaradılmışdır. Biz 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasının müxtəlif məntəqələrində səsvermə başlanandan sona çatanadək apardığımız müşahidələr zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıq. Seçicilər sərbəst surətdə məntəqələrə gəlir, şəffaflıq şəraitində bülleten alıb seçimlərini edirdilər.
Bəyanat bu sözlərlə bitir: “Biz 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasının respublikamızın 59 şəhər və rayonunda fəaliyyət göstərmiş seçki məntəqələrində prezident seçkiləri şəffaf, demokratik, Seçki Məcəlləsinin tələblərinə və beynəlxalq standartlara uyğun keçirildiyini bir daha bəyan edirik”.