MUXTAR HƏSƏN OĞLU AVŞAROV
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan milli teatr sənətinin qocaman nümayəndəsi, respublikanın xalq artisti Muxtar Həsən oğlu Avşarov 2004-cü il dekabr ayının 6-da ömrünün 91-ci ilində vəfat etmişdir.
O, 1914-cü il fevral ayının 15-də İrəvanda anadan olmuşdur.
Həyatını teatra həsr etmiş qocaman sənətkar Muxtar Avşarov yaradıcılıq fəaliyyətinə 1938-ci ildə Gəncə Dövlət Dram Teatrında başlamış və müxtəlif tamaşalarda çoxsaylı obrazlar qalereyası yaratmışdır.
1968-ci ildə Akademik Milli Dram Teatrına dəvət alan Muxtar Avşarov bu teatrda 23 ildən artıq çalışmışdır. Doğma teatrın səhnəsində Rəcəb (M.F.Axundov “Xırs quldurbasan”), Xərabati, Şeyx (H.Cavid “Xəyyam”), Hacı Baxşəli, Şeyx Nəsrullah, Hacı Xudaverdi (C.Məmmədquluzadə “Ölülər”), Yanardağ, Əbdül əmi, Babakişi (C.Cabbarlı “Od gəlini”), Şeyx Alı, Qacar (S.Vurğun “Vaqif”), Kərəm dayı (İ.Əfəndiyev “Unuda bilmirəm”), Əjdər əmi (Anar “Şəhərin yay günləri”), Kral (U.Şekspir “Maqbet”) kimi unudulmaz obrazlar yaradan aktyor bu rolları ilə xalqın sevimlisinə çevrilmişdir.
M.Avşarov ömrünün son illərində Bakı Bələdiyyə Teatrında, Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” teatrında çalışmış və yaratdığı maraqlı obrazlarla böyük tamaşaçı məhəbbəti qazanmışdır.
“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Yenilməz batalyon”, “Dəli Kür”, “Qaçaq Nəbi”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qatır Məmməd”, “Mən qayıdacağam”, “Qəm pəncərəsi”, “Gilas ağacı”, “Sevil”, “Kişi sözü” bədii filmlərində Muxtar Avşarov maraqlı aktyor ifası ilə daha çox tanınmışdır.
Onun iştirakı ilə milli televiziyada hazırlanmış C.Cabbarlının “Solğun çiçəklər”, İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, Ə.Haqverdiyevin
“Diş ağrısı” televiziya tamaşaları Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin qızıl fondunda qorunub saxlanılır.
Muxtar Avşarov 1960-cı ildə respublikanın əməkdar artisti, 2002-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüş, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. O, Prezident təqaüdçüsü idi.
Azərbaycan teatr sənətinin qocaman nümayəndəsi, unudulmaz aktyor Muxtar Həsən oğlu Avşarovun əziz xatirəsi bütün sənət dostlarının və onu sevən tamaşaçıların, qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
AZƏRBAYCAN RESPUBLİKASININ
MƏDƏNİYYƏT NAZİRLİYİ
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2004-cü il dekabrın 7-də saat 12-dən 14-ə kimi Dövlət Mahnı Teatrının binasında qoyulacaqdır (R.Behbudov küçəsi, 12).