REGİONLAR
Muxtar respublika gənclərinin iştirakı ilə xizəksürmə təlimi keçirilib
Şahbuz, 17 fevral, AZƏRTAC
Şahbuz rayonunda yerləşən Ağbulaq Xizək Mərkəzində muxtar respublika gənclərinin iştirakı ilə xizəksürmə təlimi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə 40-dan çox gənc iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdən əvvəl nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, yaradılan əlverişli şərait sayəsində muxtar respublikada xizəkçilik idman növünü və qış turizmini inkişaf etdirmək üçün geniş perspektiv var. Bu o deməkdir ki, həmin sahələrdə uğur əldə etmək üçün artıq ilkin addımlar atılıb. Məqsədimiz gənclərin bu işə təşviq olunması ilə mövcud imkanların təbliği və idmançı bazasının yaradılmasına töhfə verməkdir.
Sonra mərkəzin təlimçiləri tərəfindən gənclərə təhlükəsizlik qaydaları barədə məlumat verilib, xizəksürmə ilə bağlı zəruri proseslər praktiki şəkildə izah olunaraq məşqlər keçirilib. Məşqlərin ardınca sərbəst sürüşlər icra olunub. Təlim bitdikdən sonra kanat gəzintisi və nahar təşkil olunub.