Muxtar respublika rəqs müsabiqəsi başa çatıb
Naxçıvan, 9 may, AZƏRTAC
Naxçıvan Dövlət Uşaq Teatrında uşaq və gənclər arasında rəqs müsabiqəsi keçirilib. Müsabiqədə Naxçıvan Musiqi Kollecində, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan tələbə və şagirdlər, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvləri, klub müəssisələrinin dərnək üzvləri iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqədə 2 yaş qrupunda solo, duet və kollektiv nominasiyaları üzrə 50-yə yaxın uşaq və gənc iştirak edib. Münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə seçilmiş qaliblər yekun tədbirində mükafatlandırılacaqdır.
Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikada rəqs sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi və dəstəklənməsidir.