REGİONLAR
Muxtar respublikada fiber-optik şəbəkənin əhatə dairəsi genişləndirilir
Naxçıvan, 26 iyul, AZƏRTAC
Rabitə və internet xidmətlərinin ən mühüm elementlərindən biri hesab olunan fiber-optik kabel şəbəkəsinin Naxçıvan Muxtar Respublikasında əhatə dairəsinin ildən-ilə artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yaşayış məntəqələrinə, bir sıra qurumlara və yeni inşa olunan kənd mərkəzlərinə fiber-optik xətt çəkilişi davam etdirilir, istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Fiber-optik şəbəkənin genişləndirilməsi evlərə də fiber-optik kabelin çəkilməsinə imkan verib. 2022-ci ilin ötən dövrü ərzində “Evədək optika” layihəsi çərçivəsində Naxçıvan şəhərində 16 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
Həyata keçirilən tədbirlərin məntiqi davamı olaraq “Naxçıvan Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Şəhər Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən fiber-optik kabel xətlərinin çəkilməsi üçün zəruri tədbirlər görülüb, 30 metal dirək basdırılıb, 1650 metr fiber-optik xətlər çəkilib, fiber-optik paylayıcı şkaflarda təmir-bərpa işləri aparılıb, rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilib.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin valyutadəyişmə məntəqələrində isə zəruri avadanlıqlar quraşdırılmaqla fiber-optik xətt vasitəsilə bankın ümumi sisteminə qoşulması təmin edilib. Müraciətə əsasən “Nəxşicahan Med” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Şərur Broyler” quşçuluq təsərrüfatına, Uzunoba Ailəvi İstirahət Mərkəzinə, “Accessbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına və “Dan yeri” alış-veriş mərkəzinə fiber-optik xətt çəkilişi məqsədilə zəruri tədbirlər görülməkdədir.
Qeyd edək ki, fiber-optik xətlər lazımi texniki tədbirlər görülməklə torpağın altı ilə çəkildiyindən məlumatın ötürmə sürəti hava şəraiti və ya stasionar telefon xətti kimi amillərdən asılı olmur. Bu da sakinlərə yüksəkkeyfiyyətli xidmət göstərilməsini təmin edir. Həmin şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi yoxdur.