REGİONLAR
Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqlar diqqət mərkəzində saxlanılır
Naxçıvan, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər keçirilir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin tədbirlərin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, müvafiq şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Culfa rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud 13 uşağın ailəsində görüş keçirilib.
Keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla təşkil edilib.
Uşaqlarla görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildiriblər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər reallaşdırılır. Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edib, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulayıblar.
Görüşlərdə uşaqlara ərzaq payı, ehtiyaclarına uyğun geyim dəsti və tibbi ləvazimat verilib.
Uşaqlar, onların ailə üzvləri, himayədarları və qəyyumları dövlətimiz tərəfindən onlara göstərilən qayğını yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbində də tədbir keçirilib. Tədbirdə valideyn himayəsindən məhrum 5 uşağa bayram hədiyyələri verilib.