REGİONLAR
Muxtar respublikanın xarici ticarət əlaqələri genişlənir, ixrac idxalı üstələyir
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. Cari ilin yanvar-oktyabr aylarında Naxçıvanda 358 milyon 987 min 300 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, ixracın həcmi son bir ildə 1,3 faiz artaraq 325 milyon 800 min 200 ABŞ dolları, idxalın həcmi 34,5 faiz azalaraq 33 milyon 187 min 100 ABŞ dolları təşkil edib. 292 milyon 613 min 100 ABŞ dolları həcmində müsbət saldo yaranıb.
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvanda 1 milyard 999 milyon 800 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 4479,8 manata çatıb.
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 787 milyon 680 min 700 manat həcmində məhsul istehsal edilib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,2 faiz üstələyir.
İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada əsas kapitala 824 milyon 480 min 600 manat həcmində investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 5,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 753 milyon 860 min 300 manatı və ya 91,4 faizi tikinti-quraşdırma işlərinin payına düşür.
Kənd təsərrüfatı yenə də iqtisadiyyatda aparıcı yerlərdən birini tutur. Cari ilin yanvar-oktyabr aylarında 348 milyon 879 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 6,4 faiz üstələyir.
Məlumatda bildirilir ki, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 28 milyon 400 min 100 manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 9 milyon 235 min 800 manatı və yaxud 32,5 faizi qısamüddətli, 19 milyon 164 min 300 manatı və yaxud 67,5 faizi uzunmüddətli kreditlərdir.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı qədim diyarda yaşayış səviyyəsinin yüksəlməsi ilə şərtlənir. Bu da öz növbəsində demoqrafik vəziyyətə də təsirsiz ötüşmür. Belə ki, 2016-cı il 1 oktyabr tarixinə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4876 nəfər və ya 1,1 faiz artaraq 448 min 40 nəfər təşkil edib.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu