REGİONLAR
Muxtar respublikanın yaşayış məntəqələrinin rabitə infrastrukturu yenilənir
Naxçıvan, 30 avqust, AZƏRTAC
Muxtar respublikada bütün sahələrdə olduğu kimi, rabitə və yeni texnologiyaların inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi diqqətdə saxlanılır.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Şərur rayonu da göstərilən bu diqqət və qayğıdan kənarda qalmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə cari ilin yanvar ayında Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evinin istifadəyə verilməsi görülən işlərin məntiqi davamıdır. Rayonun bütün yaşayış məntəqələrində əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet və bir sıra telekommunikasiya xidmətləri göstərilir. Müasir tələblərə cavab verən yeni nəsil NGN tipli avtomat telefon stansiyaları quraşdırılır, mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılır, rabitə xətləri yenilənir, fiber-optik xətlər çəkilir.
Rayonun dağ yaşayış məntəqəsi olan Axura kəndində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində rabitə xətt təsərrüfatında da yenilənmə işləri görülür, müasir rabitə infrastrukturu yaradılır. Kənd sakinlərinin müasir telekommunikasiya xidmətlərindən istifadə etmələri məqsədilə rabitə evində yenidənqurma işləri görülür. Bəzi küçələrdə kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltına köçürülür. 40-a yaxın yeni dəmir dirəklər basdırılır, yararsız taxta rabitə dirəkləri çıxarılır, 7000 metrdən artıq müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə əvəzlənir. O cümlədən 20 ədəd yeni abonent qutusu əlavə edilməklə abonentlərin mənzillərinədək olan məsafədə yararsız kabellər yenilənir və rabitə xətlərində olan digər nasazlıqlar aşkarlanaraq bərpa edilir.
Həyata keçirilən tədbirlər, yeni nəsil telekommunikasiya sisteminin qurulması sakinlərin müasir rabitə xidmətlərindən yararlanmasına şərait yaradacaq.
X X X
Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Culfa rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Rayon mərkəzi ilə yanaşı, rayonun ucqar kəndlərində də aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində müasir rabitə infrastrukturu yaradılır, yeni avadanlıqlar quraşdırılmaqla əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. İstismar müddəti ərzində rabitə xətt və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində də operativ işlər həyata keçirilir.
Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər Əlincə kəndini də əhatə edib. Sakinlərə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin artırılması, rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması və yeni sabit telefon çəkilişlərinin aparılması məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bu məqsədlə yeni dəmir dirəklər basdırılır, rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilir, 1500 metrə yaxın müxtəliftutumlu kabellər çəkilir, yararsız kabellər yenilənir, rabitə xətlərində olan nasazlıqlar aşkar edilərək bərpa edilir və digər zəruri işlər görülür.