REGİONLAR
Müxtəlif istehsal və idarəetmə sahələrinə yeni ideyalar, elmi biliklər və texnoloji yeniliklər tətbiq olunmalıdır
Xırdalan, 29 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Noyabrın 29-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfrans işə başlayıb. Konfransda beynəlxalq ekspertlər, dövlət və özəl sektorun, ali məktəblərin, həmçinin AMEA-nın müvafiq qurumlarının nümayəndələri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov açılış nitqi ilə çıxış edib. Rektor ölkəmizin elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən BMU-nun yaranma tarixinə qısa nəzər salıb.
Havar Məmmədov beynəlxalq konfransın Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu mövzusuna həsr edilməsinin təsadüfi olmadığını söyləyib. “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 10 yanvar tarixli Sərəncamına toxunan rektor bildirib ki, sərəncama əsasən, ali təhsil müəssisələri də ölkənin innovativ inkişafına öz töhfəsini verməlidir.
Rektor qeyd edib ki, dünyada olduğu kimi, ölkəmizdə də mühəndislik və digər elmi sahələrin sürətlə dəyişməsi və inkişaf etməsi ilə əlaqədar yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsi zərurəti yaranır. O, Azərbaycanın iqtisadi inkişafında innovasiyanın əhəmiyyətini və mühəndislik elmlərinin vacibliyini önə çəkmək, innovativ idarəetmədə resurslardan optimal istifadə etməklə strateji planlara səmərəli şəkildə nail olmaq baxımından konfransın son dərəcə əhəmiyyətli olduğunu nəzərə çatdırıb. Havar Məmmədov, həmçinin 5-ci sənaye inqilabına çağırışlar çərçivəsində mühəndislik ixtisaslarında mövcud vəziyyət və gələcək meyilləri müzakirə etmək məqsədi ilə keçirilən konfransın mühüm nəticələr əldə edəcəyini bildirib.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev çıxışında “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na toxunub və bu sənədlər çərçivəsində qarşıda duran əsas vəzifələrdən bəhs edib.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parklarının yaranması və hədəfləri, görülən işlər haqqında ətraflı məlumat verib. O, istehsal müəssisəsinin layihələndirilməsində, məhsulun istehsal olunmasında mühəndislik ixtisasının rolundan danışıb, BMU ilə sənaye parkının əməkdaşlığının əsas istiqamətlərini diqqətə çatdırıb.
Sonra plenar iclasda məruzələr dinlənilib.
Konfrans işini bölmələr üzrə davam etdirir.
Qeyd edək ki, konfransa 10-dan çox ölkədən 250-ə yaxın məqalə və tezis göndərilib, onlardan 135 məruzə elmi heyətin qərarı ilə tədbirin proqramına daxil edilib. Bununla yanaşı, Azərbaycanın 30-a yaxın ali təhsil müəssisəsi və AMEA-nın elmi-tədqiqat institutlarının, həmçinin Ukrayna, Türkiyə, Portuqaliya və digər ölkələrin elm adamları öz tədqiqatlarını göndərilib.
Konfransa təqdim olunan və təşkilat komitəsi tərəfindən seçilən işlər toplu şəklində nəşr edilib.