Müzəffər Ali Baş Komandan, Xilaskar lider
Bakı, 19 fevral, AZƏRTAC
Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi.
AZƏRTAC xəbər verir ki, bu barədə hərbi jurnalistlər, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri İsa Eldaroğlunun və Məhəmməd Nəsirlinin “Müzəffər Ali Baş Komandan, Xilaskar lider” sərlövhəli məqaləsində ətraflı söhbət açılır. Məqaləni təqdim edirik.
Vətən müharibəsinin Şanlı Qələbəmizlə başa çatmasından və el-oba, yurd həsrətinə son qoyulmasından artıq bir il üç ay vaxt keçib. Bu müddətdə ilk Qələbə paradımız keçirildi. Tarixi Zəfərimizin birinci ildönümü ölkəmizdə və dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən fəxr və qürur hissi ilə qeyd edildi. Torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalına artıq son qoyulub, düşmən darmadağın edilib. Artıq bir ildir ki, gözəl Şuşamızda dünya miqyaslı tədbirlər, festival və müsabiqələr keçirilir. Düşmən tərəfindən viran, talan edilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri uğurla, inamla davam edir. Ötən hər gün, həftə, ay vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışını yaxınlaşdırır. Artıq bir ildən çoxdur ki, ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tutub, əzəli-əbədi Azərbaycan torpaqları əsl sahiblərinə qayıdıb, habelə bir milyondan çox vətəndaşımız qaçqın, məcburi köçkün kimi yaşamaqdan və tənəli ifadələr eşitməkdən xilas olub. Hamımız şəhidlərimizin xatirəsini böyük qürur hissi ilə anır, Vətən müharibəsində qazandığımız Qələbədə əməyi olan insanları hörmətlə yad edir, qədim elimizə böyük qayıdışı səbirsizliklə, sevinclə gözləyirik.
Bir insanın həyatını xilas etmək dünyanı xilas etməyə bərabərdir
Vətən müharibəsində Zəfər qazandıqdan sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar, Azərbaycan Ordusunun apardığı döyüşlər hərtərəfli təhlil edilir, nəticələri öyrənilir. Biz isə məsələyə başqa prizmadan - bəşəriyyətin ən ali, fundamental dəyəri olan insan həyatının xilas edilməsi prizmasından, humanistlik baxımından yanaşmaq istərdik. İnsan həyatının xilas edilməsindən danışanda ilk olaraq ağxalatlı qəhrəmanlar - hərbi həkimlər göz önünə gəlir. Lakin təcrübə göstərir ki, sərkərdənin bacarıqlı, düşünülmüş addımları, qətiyyəti və siyasi iradəsi, uğurlu diplomatik fəaliyyəti hələ döyüşlər başlamazdan əvvəl minlərlə insanın həyatını xilas etməyə qadirdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan silahlı birləşmələri torpaqlarımızı işğal altında saxladığı illərdə də, Vətən müharibəsi dövründə də bu həyati məsələnin öhdəsindən bacarıqla gəldi və minlərlə insanı ölümün caynağından qurtararaq Xilaskar Sərkərdə kimi tarixə düşdü. Uzun illər səbirlə, təmkinlə torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsinə çalışması da məhz Prezident İlham Əliyevin humanistliyinin, uzaqgörənliyinin və insan həyatına verdiyi dəyərin təcəssümüdür.
Vətən müharibəsindən danışan müdafiə naziri general-polkovnik Zakir Həsənovun qeyd etdiyi kimi, cənab Ali Baş Komandan şəxsən döyüş əməliyyatlarına rəhbərlik edir, əməliyyat vəziyyətinə uyğun tapşırıqlar verirdi. Bu göstərişlərin sırasında bir xüsusi tapşırıq da vardı…
Ali Baş Komandanın xüsusi tapşırığı
44 günlük Vətən müharibəsi dövründə döyüş əməliyyatları ilə bağlı əmrləri icra edən hərbi rəhbərlik Müzəffər Ali Baş Komandanın verdiyi bir xüsusi tapşırığı daha dəqiqliklə icra edirdi. Çünki komandanlıq yaxşı anlayırdı ki, Prezidentin bu tapşırığı torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin işğalından azad etmək qədər mühüm, əhəmiyyətli və vacibdir. Fikrimizcə, bu xüsusi tapşırığının ən önəmli və aydın ifadəsi üçtərəfli Bəyanatın müddəalarında əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründə hərbi komandanlığa hər gün dəfələrlə təkrar etdiyi xüsusi tapşırıq, verdiyi əmr döyüş əməliyyatları zamanı düşmənə qalib gəlmək üçün savaşlarda maksimum çalışıb, ordumuzun sıralarında minimum şəxsi heyət itkisinə nail olmaq idi. Bu humanist insanın ən böyük amalı mümkün qədər az sayda vətəndaşımızın döyüşlərdə yaralanması, həlak olması idi. Dövlətimizin başçısının döyüşlərlə bağlı hər sözünün, hər tapşırığının, hər qərarının qayəsi, məqsədi daha çox insan həyatını xilas etmək idi. Ali Baş Komandanın xüsusi tapşırığı məhz maksimum insanın həyatının xilas olunmasının ön plana çəkilməsi ilə bağlı idi. Prezident İlham Əliyev təkcə öz hərbçilərimizin deyil, hətta düşmən əsgərlərinin mənasız xülya, sonu olmayan bir yol üçün ölməsini, Ermənistan rəhbərliyinin şəxsi ambisiyalarına, siyasi oyunlarına qurban olmasını belə istəmirdi. Yəni, Ali Baş Komandanımız hətta düşmən ordusunun əsgərlərinin də həyatını, onları böyüdüb boya-başa çatdıran ailələri də düşünürdü. Bu isə yüksək humanizmin göstəricisidir. Müzəffər Ali Baş Komandan hələ müharibə, aktiv döyüş əməliyyatları başlamamışdan uzun illər əvvəl də bu niyyətini açıq-aşkar, çəkinmədən, qətiyyətlə bəyan etmişdi.
Hər şey Vətən üçün
“Biz heç vaxt müharibə istəmirik, biz sülh yolu ilə torpaqlarımızın azad edilməsinin tərəfdarıyıq. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması və torpaqlarımızın işğalda qalması ilə barışmayacağıq. Qarşı tərəf sülh danışıqlarına məhəl qoymazsa, işğal etdiyi ərazilərimizi xoşluqla tərk etməzsə, o zaman səbri tükənmiş xalqımız və qüdrətli ordumuz torpaqlarımızı hərbi yolla azad edəcək və ərazi bütövlüyümüzü bərpa edəcək. Bu, bizim beynəlxalq qanunlara görə təmin olunmalı hüququmuz, haqqımızdır. Bizim yolumuz haqq yoludur və biz tarixi ədaləti öz gücümüzlə bərpa etməyə qadirik. Əgər erməni əsgəri Azərbaycan torpaqlarında ölmək istəmirsə, o zaman Ermənistan silahlı birləşmələri qeyd-şərtsiz torpaqlarımızdan çıxmalıdır”. Ölkəmizin rəhbərinin uzun illər müxtəlif beynəlxalq kürsülərdən və respublikamızda keçirilən tədbirlərdəki çıxışlarında səsləndirdiyi bu fikirlərin mayası məhz yuxarıda bəhs etdiyimiz ideyalardan yoğurulmuşdu. Dövlətimiz də, xalqımız da, Ordumuz da məhz bu ideyanı əsas tutaraq, əgər düşmən sülhə razı olmazsa “Hər şey Vətən üçün” deyərək məsələnin həllinin hərb variantına, yəni, müqəddəs vəzifənin icrası üçün döyüşə hazırlaşırdı. Ordu quruculuğu istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar, təminat və təchizatın, yeni müasir silahların arsenalımıza daxil olması da məhz bu xüsusi tapşırığın icrasına yönəlmişdi: mümkün qədər az insan itkisinə yol verməklə torpaqlarımızı işğaldan azad etmək. Bir ideya, bir amal ətrafında “Dəmir yumruq” kimi birləşən xalqımız, həmrəy olan bütün azərbaycanlılar müqəddəs vəzifənin öhdəsindən 44 günlük Vətən müharibəsində uğurla gəldi. Haqq-ədalət zəfər çaldı və torpaqlarımız qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edilərək əsl sahibinə - Azərbaycan xalqına qaytarıldı. “Qarabağ Azərbaycandır!” şüarı, torpaqlarımızın azad edilməsi arzusu reallaşdı, çin oldu. Bu arzunun reallaşması, münaqişənin aradan qaldırılması, eyni zamanda, regionda insanların təhlükəsiz, sülh şəraitində, əmin-amanlıqla, rahat, firavan yaşamasını, dövlətlərin iqtisadi inkişafını təmin etməyə xidmət edəcək bir çox yeni reallıqlar yaratdı. Fəxr edirik ki, Azərbaycanın sayəsində meydana gələn bu reallıqları artıq təkcə region ölkələri deyil, dünyanın aparıcı dövlətləri də razılıqla və müsbət qarşılayıblar. Bu reallıqların yaranması da Azərbaycan Prezidentinin bir dövlət başçısı, hərbi və diplomatiya sərkərdəsi olaraq yorulmaz fəaliyyət, gərgin əmək, güclü iradə nəticəsində nail olduğu uğurlardan biridir. Bu gün Vətən müharibəsi döyüşlərindən bir ildən çox vaxt keçdikdən sonra 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən prosesləri xatırlasaq, təhlil etsək görərik ki, Azərbaycan Respublikası Prezidentinin ən böyük Qələbəsi ərazilərimizin bir hissəsinin azad edilməsi ilə yanaşı, həm də minlərlə insanın həyatının xilas edilməsi və sağ-salamat evlərinə dönməsidir.
Döyüşsüz, artıq qan tökmədən üç rayonumuzun boşaldılmasına nail olmaqla Prezident İlham Əliyevin xilaskarlıq missiyası təkcə soydaşlarımızın - Azərbaycan Ordusunun əsgərlərinin deyil, hətta bizim torpaqlarımızı 28 ildən çox işğal altında saxlayan, yurd-yerlərimizi talan edən düşmən ordusunun şəxsi heyətinə belə müsbət təsirini göstərdi ki, nəticədə minlərlə, bəlkə də on minlərlə erməni gəncin sağ-salamat evlərinə, ailələrinə qayıtmalarına şərait yaradıldı. Yuxarıda qeyd olunanların mahiyyətini və əhəmiyyətini özündə ehtiva edən kifayət qədər inkaredilməz faktlar mövcuddur. Həmin faktlara diqqət yetirsək bu addımın nəhəngliyinin mənzərəsini tam olaraq görmək mümkündür.
Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müddəalarına əsasən, 2020-ci il noyabrın 20-dək Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən döyüşsüz boşaldılaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.
Ölüm var ki, həyat qədər dəyərli
İşğalçılıq ən amansız müharibə, siyasət isə ən ədalətsiz döyüşdür. Hər ikisinin qanunu, qaydası yoxdur, qayəsi daha çox haqsızlıqdır. İşğalçı müharibələr haqqa xidmət etmir. Siyasi savaşlar da çox zaman haqq üçün, haqlı üçün deyil, merkantil maraqlara, şəxsi ambisiyalara, başqa xalqların haqlarını danmağa, qəsb etməyə, ya da qəsbkarları müdafiə etməyə xidmət edir. Fikrimcə, Yer üzündə min illər ərzində baş verən müharibələrdən bir müharibə, bir savaş var ki, o döyüşdə iştirak etmək, vuruşmaq, qan tökmək, qanından və canından keçmək insana yalnız başucalığı gətirir və həlak olanlara-Şəhidlərə əbədi həyat bəxş edir. Bu da Vətən müharibəsidir. Qırx dörd gün davam edən və xalqımızın Qələbəsi ilə başa çatan Vətən müharibəsi də bu qəbildəndir. Çünki bu müharibədə Azərbaycanın yalnız bir məqsədi var idi: Tarixi ədaləti bərpa etmək, qəsb edilən haqqını bərpa etmək, ərazisini işğalçı düşməndən xilas etmək, insanların doğma yurd-yuvasına qayıtmasını, firavan və xoşbəxt yaşamasını təmin etmək. Bu münaqişənin xalqımızın Qələbəsi ilə başa çatmasına nail olan Ali Baş Komandan müharibədə həm minlərlə insanın həyatını, həm də ölkəmizin xoşbəxt gələcəyini xilas etdi, eləcə də regionun firavanlığına, iqtisadi inkişafına əvəzolunmaz töhfələr verdi.
İnsan həyatının dəyəri heç nə ilə ölçülə bilməz və bu, uca Allahın insana verdiyi ən şirin nemətdir. Vətən müharibəsində şəhid olan soydaşlarımız bütün dünyaya yenidən xatırlatdı ki, belə bir şirin, qiyməti biçilməz nemətdən könüllü vaz keçməyə dəyəcək yeganə dəyər Vətənin müstəqilliyi, doğma torpaqların azadlığıdır. Bu ali dəyərlər uğrunda vuruşmaq, candan keçmək haqq işidir və Allah yolunda, din-iman yolunda savaşmaq, şəhid olmaq qədər müqəddəsdir. Çünki bu yolda, bu haqq savaşında həlak olanlar ölmürlər, əbədiyyətə qovuşurlar və qəlblərdə, könüllərdə, xatirələrdə, xəyallarda, yaddaşlarda, kitablarda, musiqilərdə, dastanlarda və kinolarda yaşayırlar. Bu savaşda canından keçənlər insanın fani dünyada yüksələ biləcəyi ən ali, ən müqəddəs zirvəyə - şəhidlik zirvəsinə ucalırlar. Vətən müharibəsində də savaşanlar, canından keçənlər mövqe, mənfəət, şan-şöhrət, ad-san üçün deyil, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda vuruşdular. Tarixə adlarını qızıl hərflərlə yazdılar, könüllərə, yaddaşlara, xatirələrə əbədi olaraq həkk olundular, əbədi yaşayan şəhidlik zirvəsinə ucaldılar. Onlar canlarını başqa insanların həyatını xilas etmək, Vətənimizi azad etmək naminə fəda etdilər. Bu gün fəxrlə, qürurla deyə bilərik: nə qədər ki, Vətən üçün haqq savaşına qalxan və Allahın bəxş etdiyi ən şirin nemətdən - canından keçən şəhidlərimiz varsa, onların xatirəsi ehtiramla anılırsa, nə qədər ki, yenə də ölkəmizdə Vətən naminə şəhid olmaqdan qorxmayan insanlar varsa, bu xalq yenilməyəcək, Azərbaycan əbədi olaraq var olacaqdır.
Müharibə rəqəmlərin dili ilə
Birinci Qarabağ müharibəsində 11 min 557 min hərbi qulluqçumuz şəhid olub. Həmçinin 3890 azərbaycanlının itkin düşməsi haqda AŞPA-ya hesabat təqdim olunub. Qarşı tərəfin açıqlamalarına əsasən, 30 illik münaqişə zamanı Ermənistan ordusu ən azı 12 min 500 şəxsi heyətini itirib. (Açıq mənbələrdən alınan məlumatlara əsasən, Aprel döyüşlərində Ermənistan ordusu 300-dən çox ölən, 500-dən çox isə yaralanan olmaqla canlı qüvvə sarıdan itki verib. Ermənistan istintaq komissiyasının 2022-ci il 19 yanvar tarixli məlumatına əsasən isə 44 günlük müharibə zamanı Ermənistan ordusunun canlı qüvvə sarıdan itkiləri aşağıdakılardır: 3809 həlak olan, 11 min yaralı və 199 nəfər itkin düşən. Qeyd etmək yerinə düşər ki, bu rəqəmlərə Qarabağ iqtisadi zonasında məskunlaşan ermənilər arasında ölən və yaralananların sayı daxil deyildir. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan daim itkilərini gizlədir, ictimaiyyətə yanlış məlumatlar təqdim edir. Xüsusilə Ermənistan Qarabağdan olan ermənilərin ölməsi faktını ciddi cəhdlə gizlədir. Ona görə də qarşı tərəfin itkilərinin daha çox olması istisna edilmir. Təqdim edilən rəqəmlər ancaq rəsmi və açıq mənbələrdən əldə olunmuş rəqəmlərdir.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra Azərbaycan nəinki itkin düşənlərin axtarışlarına şərait yaradıb, hətta 1704 nəfər erməni hərbçinin cəsədinin tapılaraq geri qaytarılmasına hərtərəfli kömək göstərib. Bu da xalqımızın və dövlətimizin humanistliyinin birbaşa göstəricisidir. Ermənistan isə hələ də Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməkdən boyun qaçırır ki, buna da beynəlxalq qurumlar hüquqi və mənəvi qiymət verməlidir.
İnsan həyatına nə qədər böyük dəyər veririksə, bir xalq olaraq Vətən yolunda həyatını qurban verənlərə də o qədər yüksək dəyər və qiymət verməyi bacarırıq.
Vətən müharibəsindən danışarkən haşiyə çıxmaq, yuxarıda yazdığımız mülahizə haqqında danışmaq və xalqımızın şəhidlərimizə olan hörmət və ehtiramından, eləcə də şəhid ailələrinin nümayiş etdirdiyi dəyanətlə, vüqarla bağlı fikirlərimizi qeyd etmək istərdik. Qəddarlığı və zalımlığı ilə dünyada tanınan bir siyasətçi deyirdi ki, bir nəfərin ölümü faciədir, min nəfərin ölümü isə statistikadır.
İkinci Qarabağ müharibəsi kimi səciyyələndirilən Vətən müharibəsində 2908 soydaşımız canından keçərək şəhidlik zirvəsinə ucaldı. Həmin günlər şəhidlərimizin dəfn mərasimini izləyərkən bütün dünya şahid oldu ki, Azərbaycan xalqı üçün hər bir vətəndaşı dəyərlidir. Biz stereotipləri üstələyərək misal çəkdiyimiz ifadənin tam əksini göstərdik, bu fikrin əksini bütün dünyaya əyan etdik. Hər bir döyüşçümüzün həlak olması, düşmən xisləti sayəsində qətl edilən hər bir mülki sakinimizin itkisi hamımızın faciəsi olsa da, heç vaxt adi statistika olmadı. Hər bir faktı ürək ağrısı ilə eşitsək də, hüznlə qarşılasaq da, şəhidlərimizi son mənzilə dəyanətlə, ehtiramla, izdihamla, coşqu ilə, Vətənə daha böyük sevgi ilə, Ordumuza daha böyük dəstəklə yola saldıq. Hər bir şəhid qürur, fəxr mənbəyimiz oldu, qəhrəmanlıq nümunəsi kimi təqdim edildi. Onlar bu gün də, gələcəkdə də, əbədiyyən xalqımız tərəfindən hörmətlə, ehtiramla yad ediləcək. Buna heç kəs zərrə qədər şübhə etmir. Övlad itkisi nə qədər acı olsa da, ürəyimizi dağlasa da, Azərbaycan xalqı sınmadı, sarsılmadı. Şəhid ailələri, torpaqlarımızın azadlığı naminə canından keçən övladlarının ucaldıqları zirvəni və daşıdıqları müqəddəs Şəhid adını qürur, fəxr mənbəyi olaraq qəbul etdi, şəhidlərimizin cənazələrinə sarılmış üçrəngli bayrağımızı öpüb gözlərinin üstünə qoyaraq “Təki Vətən sağ olsun” dedilər.
Başımızı dik tutaraq vuruşduq, Qələbə qazandıq. Ordu döyüş meydanında düşmənlə ölüm-dirim savaşına atıldı, xalq isə arxa cəbhədə haqq savaşımıza misilsiz dəstək oldu. Vətən müharibəsi bir daha sübut etdi ki, insanın gözünü qırpmadan canından keçməyə, xoşbəxt həyatını qurban verməyə dəyən dəyərlərdən ən qiymətlisi, ən mühümü Vətənin müstəqilliyi, ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsidir. Qürurverici faktdır ki, istər müharibə zamanı, istər sonrakı dövrdə Ali Baş Komandan İlham Əliyevin elə bir çıxışı, elə bir müsahibəsi, elə bir bəyanatı olmadı ki, orada Şəhidlərimiz xatırlanmasın, xidmətləri, igidlikləri anılmasın, qiymətləndirilməsin. Bu da onun sərkərdə kimi, insan kimi vətəndaşlarımıza, döyüşçüyə, insan həyatına, Vətənin xilası naminə canından keçənlərə verdiyi qiymətin, dəyərin, hörmət və ehtiramın təcəssümüdür. Müstəqilliyimiz və suverenliyimiz uğrunda, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində döyüşlərə atılanlar bir daha bütün dünyaya sübut etdilər ki, yaşamaq nə qədər şirin, həyat nə qədər qiymətlidirsə, Azərbaycan vətəndaşı üçün Vətən hər şeydən üstündür. Bu yolda minlərlə, on minlərlə, milyonlarla azərbaycanlı gözünü qırpmadan canından keçməyə hazırdır.
2016-cı ilin Aprel döyüşlərində minimum itki verməklə düşmənə sarsıdıcı zərbələrin endirilməsi, 2000 hektardan çox ərazinin, Lələtəpə kimi strateji əhəmiyyətli yüksəkliyin azad edilməsi, 2018-ci ilin mayında cəmi bir şəhid verməklə Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu əməliyyat sayəsində 11 min hektardan artıq ərazinin azad edilməsi, nəhayət, Tovuz döyüşlərində Ermənistan silahlı birləşmələrinin dövlət sərhədimiz istiqamətində amansız hücumlarının inamla dəf edilməsi ölkəmizdə ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların nəticəsi, Ordumuzun peşəkarlığının göstəricisidir. Ali Baş Komandanın verdiyi xüsusi tapşırıq sayəsində məhz yuxarıda sadaladığımız nailiyyətlərə imza atılıb və bunlar Vətən müharibəsində şanlı Zəfərimizi şərtləndirib.
Müzəffər Ali Baş Komandanın xüsusi tapşırığı haqqında müdafiə naziri general-polkovnik Zakir Həsənov ilk dəfə mətbuata 2018-ci ildə jurnalistlərin suallarını cavablandırdıqda açıqlama vermişdi. Həmin vaxt jurnalistin Ordumuzun qüdrətlənməsi və arsenalımızın gücləndirilməsi məqsədilə hansı silah-sursatların alındığı barədə sualını cavablandırarkən general-polkovnik Zakir Həsənov bildirmişdi: “Silahlı Qüvvələrimizin Ali Baş Komandanı xüsusi tapşırıq verib ki, elə silahlar, elə texnika, elə avadanlıq alınmalıdır ki, Azərbaycan Ordusu qarşısında duran müqəddəs missiyanın həyata keçirilməsi ilə bağlı döyüş tapşırıqlarını icra edərkən canlı qüvvə sarıdan minimum itki versin”. Yəni, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyətə başladığı gündən Ordu quruculuğu ilə bağlı gördüyü işlərin, apardığı islahatların, yaradılan şəraitin, keçirilən təlimlərin ən başlıca məqsədi - Ordumuzun peşəkarlığının artırılması, müasir, silah və hərbi texnika ilə təchiz edilməsi idi və bununla Ali Baş Komandan istəyirdi ki, biz doğma torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə düşməndən qat-qat az itki verərək qalib gələk.
Son illər ölkəmizdə həyata keçirilən islahatlara, dövlətimizin keçdiyi inkişaf mərhələlərinə, Ordumuzda keçirilən təlimlərin sayına və döyüş hazırlığı məşqlərinin intensivliyinə nəzər salsaq, vətandaşlarımızın həyatının xilası naminə görülən bütün bu işlərin nə qədər diqqət, qayğı, zəhmət və vəsait hesabına başa gəldiyini aydın şəkildə görə bilərik.
Minillik müharibə stereotiplərini üstələyərək…
Min illərdir baş verən müharibələrin nəticələrinə görə həmişə hücum edən ordu daha çox itkilərə məruz qalır. Bu amil tarixi faktlarla sübut olunub. Əməliyyat planları hazırlanarkən bu amil həmişə nəzərə alınır, hərbi texnika, silah-sursat və səfərbərlik ehtiyatları buna görə hesablanır. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharətinin, döyüş əməliyyatların həyata keçirilməsi ilə bağlı verdiyi düzgün tapşırıqların, ustalıqla hazırlanan əməliyyat planlarının və düzgün seçilən taktikanın nəticəsidir ki, düşmən itkisi Azərbaycan Ordusunun itkilərindən ən azı iki dəfə çoxdur. Biz Vətən müharibəsindəki məharətli döyüş əməliyyatlarımızla bu müharibə stereotipini də dağıtdıq. Çünki Azərbaycan Ordusu əks-hücum əməliyyatları keçirməsinə baxmayaraq, düşmənin itkiləri iki dəfə çox oldu.
Heç bir itki insan həyatından üstün və dəyərli deyildir
Müdafiə naziri Qaraheybət Təlim Mərkəzində KİV nümayəndələrinə müsahibəsində bildirmişdi ki, bir taborun bir gün döyüş aparması üçün təxminən bir vaqon sursat lazımdır. Bu fikirdən irəli gələrək hesablamalar aparsaq, döyüşlərin uzun sürməsinin hansı iqtisadi itkilərə səbəb olacağını da aydın təsəvvür edə bilərik. Təsəvvür edin ki, bir gün ərzində bir tabor döyüşə girir və bu tabor döyüş nizamnamələrinin tələblərinə və əməliyyatın niyyətinə uyğun tam dəstəkli döyüş aparmaq üçün bir gün ərzində yüz minlərlə dəyəri olan silah-sursat istifadə edir. Bu hesablamaları cəmi 10 misli qədər artıraraq, elə təkcə bu faktoru düşünsək, fikrimizdə canlandırsaq ölkəmizin iqtisadi və hərbi qüdrətinin miqyasını təsəvvür etmək mümkündür. Döyüşlərin ətraf mühitə, flora və faunaya verdiyi ziyanı da nəzərə alsaq, müharibənin ölkəmizə nəyin bahasına başa gəldiyini təsəvvür etmək mümkündür. Qırx dörd gün ərzində bölmələrimiz tərəfindən Ermənistan silahlı birləşmələrinin məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının dəyərini əks etdirən rəqəm də bu müharibənin hər iki tərəfə vurduğu iqtisadi ziyanın dəyərini hesablamaq üçün yetərlidir. Sadəcə, bir rəqəm. Hərbi-siyasi icmalçı və ekspert Ramil Məmmədlinin təxmini hesablamalarına əsasən, hətta ən kobud hesablamalara görə, Ermənistana məxsus 3-4 milyard ABŞ dolları məbləğində hərbi texnika məhv edilib və qənimət kimi götürülüb. Şəhər və kəndlərimizin ermənilər tərəfindən raket və artilleriya atəşinə tutulması nəticəsində dəyən ziyan da milyonlarla ölçülür.
Lakin bütün bunların hər birini bərpa etmək mümkün olduğu üçün, bunların heç biri insan həyatının dəyəri, qiyməti ilə müqayisə oluna bilməz. Məhz buna görə də Ali Baş Komandan bütün iradəsini, qətiyyətini, gücünü torpaqlarımızın tez bir zamanda azad edilməsinə, müharibənin tez bitməsinə, daha çox insan həyatının xilas edilməsinə yönəltmişdi. Üç rayonumuzun düşmən tərəfindən boşaldılması, döyüşsüz azad edilməsi də Vətən müharibəsində əldə etdiyimiz ən dəyərli nəticələrdən, ən böyük qələbələrdən biridir.
Xilaskarlıq missiyasını səciyyələndirən amillər və son 200 il ərzində imza atılan ən möhtəşəm Qələbə
İnsan həyatının qorunmasından, itkilərin az olmasından danışan Ali Baş Komandan hətta qarşı tərəfin də itkilərinə həssaslıqla yanaşıb. Uzun illər düşmənin məkrli planlarına, çoxsaylı təxribatlarına baxmayaraq, dövlətimizin başçısının səbirlə, təmkinlə sülh danışıqlarının davam etdirilməsinə, beynəlxalq təşkilatların, qrupların missiyalarını yerinə yetirməsinə şərait yaratması, rəvac verməsi də məhz humanistlikdən, mənasız yerə qan tökülməsinin qarşısının alınmasına çalışmasından irəli gəlir. “Əgər münaqişənin sülh yolu ilə həlli mümkündürsə biz bunun üçün hər an hazırıq”, - deyən Prezidentimiz, eyni zamanda, danışıqlar baş tutmazsa torpaqlarımızı hərb yolu ilə azad etməyə qadir olduğumuzu da bütün dünyaya dəfələrlə bəyan etmişdi. Sülh danışıqları zamanı belə Ermənistan tərəfi təxribatlardan əl çəkmir, Azərbaycanın yeni ərazilərinin işğal ediləcəyi kimi boş hədələr də səsləndirirdi. Vətən müharibəsi də məhz qarşı tərəfin bütün cəbhəboyu genişmiqyaslı təxribatları və yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq başlamışdı. Vətən müharibəsinə qədər baş verən proseslərin və üçtərəfli Bəyanatın maddələrinin təhlili göstərir ki, Ermənistan rəhbərliyi bu münaqişəni sülh yolu ilə, itkisiz sona çatması üçün çalışa bilərdi. Lakin bunu etmədi, bu istiqamətdə konstruktiv addımlar atmadı, əksinə, hər fürsət düşdükcə min bəhanə ilə danışıqların pozulmasına çalışdı. Bu da Ermənistan rəhbərliyinin öz soydaşlarına verdiyi dəyərin qiymətidir və Ermənistan elitasının şəxsi maraqlarını öz xalqının övladlarının həyatından üstün tutmasının göstəricisidir. Görünən odur ki, minlərlə günahsız azərbaycanlının qətlinə səbəb olan düşmən soydaşlarının da həyatını şəxsi ambisiyalarına, intriqalara, boş xülyalara, siyasi dividendlər qazanma naminə qurban verməkdən çəkinmir.
Ağdam rayonunun bir hissəsinin düşmən işğalında olduğunu nəzərə alaraq, bu rayonla bağlı nə isə geniş yazmadan, sadəcə, onu bildirmək istərdim ki, işğalçının silahlı bölmələri tərəfindən ən çox minalanmış, ən çox möhkəmləndirilmiş düşmən mövqeyi olan, bir neçə eşelondan ibarət sədlər qurulmuş rayon da məhz Ağdam idi. Düşmən Azərbaycan Ordusunun bu istiqamətdən gələcəyini düşünərək güclü hazırlıq işləri görmüş və ən böyük qüvvələrini də məhz bura cəmləyərək qanlı döyüşlərə, Ordumuza sarsıdıcı zərbələr endirməyə hazırlaşmışdı. Lakin ermənilərin bu istiqamətdə yaratdığı “keçilməz Ohanyan səddi”ni də Ordumuz bir neçə günə yararaq darmadağın etdi. Təbii ki, hər uğurlu qələbə ilə nəticələnən əməliyyatlar itkisiz başa gəlmir. Canı-qanı bahasına erməni sədlərini yarıb keçən, onların keçilməz hesab etdikləri mövqeləri darmadağın edən döyüşçülərimiz ən yüksək epitetlərə, səmimi, ürəkdən gələn sözlərə və dərin minnətdarlığa layiqdirlər.
Faktlardan danışarkən ilk olaraq onu qeyd etmək istəyirəm ki, 1930-cu ildə yaradılan Kəlbəcər və Laçın rayonunun ərazisi 5 min kvadratkilometrə yaxındır. Laçın rayonunun 127, Kəlbəcərin isə 147 yaşayış məntəqəsi var ki, bunların da böyük əksəriyyəti dağlıq, sərt relyefli, yolu-izi düşmən tərəfindən minalanmış, dağıdılmış ərazilərdədir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağı (3724 m), Dəlidağ (3616 m) və Böyük Hinaldağdır (3367 m). Ərazinin çox hissəsi meşəlikdir. Demək olar ki, eyni mənzərənin bənzərini Laçın rayonu ərazisində də görmək mümkündür. Bütün bu nüansları sadalamaqda məqsəd odur ki, həmin rayonlar uğrunda aparılması planlaşdırılan döyüş əməliyyatlarının miqyasını heç olmasa cüzi də olsa təsəvvür etmək imkanı yaransın. Ən yüksək zirvələrin işğal dövründə erməni silahlı birləşmələrin nəzarətində olmasını, döyüş mövqeləri, atəş nöqtələri yaradılmasını, səngərlərin qazılmasını da nəzərə alsaq, bu rayonların mənfur düşməndən azad edilməsi üçün Ordumuzun necə qanlı döyüşlər aparması, hərbi əməliyyatlar planlaşdırıb keçirməsi barədə hətta hərbi sahədən az da olsa anlayışı olan insanlarda daha aydın təsəvvür yaranacağına inanırıq. Yaxşı yadımdadır cənab Ali Baş Komandan bir neçə çıxışlarında bildirmişdir ki, bizim əsgər həm düşmənlə, həm də təbiətin, relyefin çətinliklərinə qarşı mübarizə aparırdı.
Kəlbəcər və Laçın ərazisində ümumilikdə 274 yaşayış məntəqəsi olduğunu, hər yüksəklikdə düşmən mövqelərinin mövcudluğunu xatırladaraq bildirim ki, təxmini hesablamalara görə, Ağdam rayonunun kəndlərini də əlavə etməklə, üç rayon üzrə düşməndən azad edilməli, məhv olunmalı yüzlərlə, hətta minlərlə döyüş mövqeyi olduğu deməkdir. Hər düşmən mövqeyinin, hər yaşayış məntəqəsinin yağılardan təmizlənməsində cəmi 10 nəfər Vətən övladının şəhid olma ehtimalından irəli gələn hesablamalar aparsaq, onda həmin ərazilərin düşməndən döyüşərək azad edilməsinin ölkəmizə hansı itkilər hesabına başa gələcəyini bilmək çətin deyildir. Yəni, bütün bunlar fərziyyələr yox, dəqiq hesablamalar, inkar edilməsi mümkün olmayan faktlar, reallıqlardı. Məhz bu faktorlar cənab İlham Əliyevin xilaskarlıq missiyasının nəhəngliyinin və möhtəşəmliyinin göstəricisidir.
Beynəlxalq təşkilatların, dünyada hegemon dövlətlərin və Ermənistanı dəstəkləyən qüvvələrin döyüş əməliyyatlarının dayandırılması tələblərinə, çağırışlarına və israrlı müraciətlərinə Azərbaycan Prezidentinin tək şərti sülhün bərqərar olması üçün qarşı tərəfin rayonların boşaldılması dair öz üzərinə öhdəlik götürməsi və Ermənistan silahlı birləşmələrinin rayonlarımızdan çıxarılması ilə bağlı konkret tarixlər göstərilən qrafik təqdim edilməsi idi. Bütün təzyiqlərə, təsirlərə, təkidlərə rəğmən Prezident İlham Əliyev sözündən dönməyərək qətiyyəti, siyasi iradəsi və xalqın dəstəyi ilə bu tələbin yerinə yetirilməsinə nail oldu. Nəticədə bu tələb öz əksini 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatda öz əksini tapdı. Azərbaycanın yeganə tələbi və istəyi haqq-ədalətin bərqərar olunması və işğal edilmiş ərazilərimizin azad edilməsi idi ki, bu da xalqımızın qanuni haqqıdır.
Yəqin ki, hər kəs rayonlar boşaldılarkən erməni kolonlarının hərəkətini əks etdirən videosüjetləri yaxşı xatırlayır. Elə həmin dövrdə Ermənistan tərəfinin Rusiyanın vasitəçiliyi ilə Kəlbəcərdən çıxmaq üçün ərazinin böyüklüyünü arqument gətirərək əlavə vaxt verilməsini xahiş etdiyini də yəqin ki, hamımız xatırlayırıq. (Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə rayonun relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Azərbaycan Prezidenti yenə də humanistlik göstərərək buna razılıq vermişdir). Bunu bir daha qeyd etməkdə məqsəd odur ki, sadəcə düşünək, təsəvvür etməyə çalışaq ki, heç bir maneə olmadan, əgər döyüşsüz Kəlbəcərdən çıxmağa qarşı tərəf vaxt istəyirdisə, həmin ərazilərin hərbi əməliyyatlar sayəsində düşməndən təmizlənməsi bizə nə qədər insan, nə qədər vaxt və nə qədər maddi itkilər hesabına başa gələ bilərdi.
Qeyd olunan aspektləri nəzərə alaraq tam əminliklə deyə bilərik ki, bu müharibə uzunmüddətli, üzücü olmaqla böyük insan itkilərinə, iqtisadi, demoqrafik və təbii fəlakətlərə gətirib çıxara bilərdi. Bu da nəinki iki ölkəyə, ümumən regiona ağır fəsadlar yarada bilərdi. Prezidentin uzaqgörən siyasəti, qətiyyətli tələbi sayəsində üçtərəfli Bəyanat imzalanmasaydı, üç rayonumuz döyüşsüz boşaldılmasaydı, kim bilir bəlkə də bu gün hələ də torpaqlarımızın azad edilməsi uğrunda gedən qanlı döyüşlər davam edirdi. Bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, üç rayonumuzun döyüşsüz azad edilməsi İlham Əliyevin bir lider, siyasətçi, diplomat, Ali Baş Komandan, sərkərdə kimi imza atdığı ən möhtəşəm Qələbədir. Bu Şanlı Zəfər ədalətin təntənəsidir və dünya tarixinə qızıl hərflərlə həkk olunmalıdır. Bunu danmaq, inkar etmək, əksini sübut etməyə çalışmaq, yersizdir, gülüncdür.
Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü
Zamanın hər dövründə, hər bir qanlı müharibələrdə ən böyük qələbə - iradə, qətiyyət göstərərək, düzgün addımlar ataraq, düzgün qərarlar qəbul edərək müharibədə qalib gəlməklə yanaşı, maksimum insanın həyatını xilas etməyi bacarmaqdır. Əbəs yerə deyil ki, belə qələbələrə imza atanlar həm Müzəffər sərkərdə, həm də Xilaskar lider olaraq tarixə düşür, könülləri fəth edir, xatirələrdə, tarixin səhifələrində əbədi olaraq qalırlar.
Qırx dörd günlük Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, üç rayonumuzun düşməndən döyüşsüz azad edilməsinə nail olmaqla minlərlə insanın həyatını xilas edən, ölkəsinin vətəndaşlarının həyatının dəyərini hər şeydən uca tutan humanist Xilaskar Sərkərdə kimi də adını tarixə qızıl hərflərlə yazdı və bir sərkərdə olaraq son 200 ilin ən möhtəşəm, ən parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı. Bu da Azərbaycan xalqının həyatında ən qürurverici və əbədiyyən unudulmayacaq tarixi hadisədir.