ELM VƏ TƏHSİL
Muzeydə elmi sessiya: Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin rolu
Bakı, 10 dekabr, AZƏRTAC
AMEA Hüseyn Cavidin ev-muzeyində “Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin rolu” mövzusunda elmi sessiya keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb.
Hüseyn Cavidin ev-muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, ədəbiyyat xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, klassiklərin yubileylərinin keçirilməsi, ev-muzeylərinin açılması, əsərlərinin nəşri və təbliği üçün olduqca böyük işlər gördüyünü diqqətə çatdırıb. O qeyd edib ki, Ulu Öndərin yaradıcılığını xüsusi qiymətləndirdiyi və xatirəsinin əbədiləşdirilməsi üçün qətiyyətli tədbirlər gördüyü Azərbaycanın görkəmli sənətkarlarından biri də böyük şair və dramaturq Hüseyn Caviddir.
Hüseyn Cavidin nəşinin məhz Ulu Öndərin təşəbbüsü nəticəsində uzaq Sibirdən Azərbaycana - öz doğma Vətəninə gətirildiyini vurğulayan məruzəçi onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində də atılan ilk və qəti addımların məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etdiyini söyləyib, Ümummilli Liderin göstərişləri sayəsində Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev-muzeylərinin yaradıldığını, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldıldığını diqqətə çatdırıb.
G.Babaxanlı dahi rəhbər Heydər Əliyev siyasi irsinin söz açıb, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Elmi sessiyada digər çıxış edənlər muzeyin fondunda Ulu Öndərlə bağlı eksponatlardan, sənədlərdən, fotolardan, muzeydə yaradılan Heydər Əliyev guşəsindən, muzey tərəfindən nəşrə hazırlanan kitablardan, Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasından danışıblar.
Sonra tədbir iştirakçıları muzeyin ekspozisiyasında ulu öndər Heydər Əliyevə həsr edilən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.