ELM VƏ TƏHSİL
Muzeydə tədbir: “Yeniləşən Azərbaycan və gənclik”
Bakı, 20 dekabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Yeniləşən Azərbaycan və gənclik” mövzusunda tədbir keçirilib.
Muzeyin Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı tərəfindən keçirilən tədbir “Gənclər siyasəti” filminin nümayişi ilə başlayıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Elmi-kütləvi iş və təhsil şöbəsinin baş mütəxəssisi, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova “İnamla, İlhamla qələbəyə doğru” mövzusunda məruzə ilə çıxış edib.
P.Əzimova Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb. O, son illərdə azərbaycanlı gənclərin mühüm nailiyyətlərə nail olduğunu vurğulayıb.
Muzeyin əməkdaşları - böyük elmi işçi Aygün Məmmədova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Sevinc Nəsirova, Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Zümrüd İsmayılova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətini diqqətə çatdırıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildiriblər.
Çıxış edənlər, eyni zamanda, yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalı inkişafının təmin edildiyini vurğulayıblar.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyev “Heydərimiz” mahnısını ifa edib.