REGİONLAR
Naftalanda media nümayəndələri ilə görüş keçirilib
Naftalan, 20 iyul, Elcan Məmmədov, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyəti Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinin bir qrupu ilə görüş təşkil edib. Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər icra hakimiyyətinin məsul əməkdaşları, regionun nüfuzlu mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin şəhid jurnalistlərin xatirəsi yad edilib.
V.Novruzov çıxışında Azərbaycanın milli mətbuatının yaranmasından, şərəfli inkişaf tarixindən danışıb. O, mətbuatımızın müstəqillik dövründəki fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğulayaraq, ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qeyd edib. V.Novruzov tariximizə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən müharibəsindən söhbət açaraq, kütləvi informasiya vasitələrinin nümayəndələrinin həmin dövrdə də fədakarlıqlarından danışaraq, mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib, məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Jurnalistlər Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd olunmasının Prezident İlham Əliyevin mətbuat nümayəndələrinin əməyinə verilən qiymətin bariz nümunəsi olduğunu bildirərək, səmimi görüşə görə təşəkkür ediblər.
Sonda mətbuat nümayəndələrinə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
Tədbir çay süfrəsi arxasında səmimi söhbətlə davam edib.