Nahaq qan yerdə qalmayacaqdır
Kürdəmir, 25 fevral (AZƏRTAC, Adil Ağayev). Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirimi ikinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Kürdəmirdə müvəqqəti məskunlaşmış Xocalı sakinlərini qəbul etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Eyni zamanda xocalılara maddi yardım göstərilmişdir.
Sonra tədbir iştirakçıları mərkəzin sərgi salonunda təşkil edilmiş “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm, əl işləri və kitab sərgisi ilə tanış olmuşlar.
Tədbirdə Xocalı faciəsi ilə bağlı məruzələr dinlənilmişdir. Məruzələrdə, eləcə də Xocalı sakini Elmar Şahverənovun və başqalarının çıxışlarında 22 il əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə ətraflı danışılmışdır. Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında uşaqlar, qadınlar və qocalar olmaqla 613 nəfər dinc insanı qəddarcasına öldürən, 1275 nəfəri əsir və girov götürən erməni daşnaklarının bu hərəkəti insanlığa qarşı qanlı cinayətdir. Natiqlər əminliklə söyləmişlər ki, nahaq qan yerdə qalmayacaq, cinayətkarlar gec-tez öz cəzalarına çatacaqlar.
Məruzəçi və çıxış edənlər bu qanlı hadisələrə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi-hüquqi qiymət verildiyini və bunun böyük əhəmiyyətini vurğulamış, Ulu Öndərin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ifşa olunmasında müstəsna xidmətlərindən bəhs etmişlər.