REGİONLAR
Narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalıdır
Bərdə, 16 noyabr, AZƏRTAC
Narkomaniyaya qarşı mübarizə hamının borcudur. Bu bəlaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazırliyinin “N” saylı hərbi hissəsində qulluq edən gənc zabit və əsgərlərlə keçirilən maarifləndirici görüşdə səsləndirilib.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, rəis müavini Aydın Qasımov, Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, poliklinikanın narkoloji kabinetinin həkimi Gündüz Xudaverdiyev və başqaları tədbirdə çıxış edərək, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıblar.
Çıxışlarda yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi xarakter almasının vacibliyi vurğulanıb.