REGİONLAR
Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının səyləri müsbət qiymətləndirilib
Ağcabədi, 20 iyul, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihənin icrasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə əvvəlcə “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarx nümayiş olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxışında narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb, vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə göstərdiyi səyləri müsbət qiymətləndirib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqdır. Narkomaniyanı əsrin bəlası adlandıran TUMİB sədri yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkinməyə çağırıb. Qeyd edib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə aludəçiliyi ölkədəki sağlam mühiti zədələməklə yanaşı, həm də bir çox mənfi tendensiyaların əsasını qoyur.
Daha sonra Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Qalib Yaqubov, TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə, mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, Türkiyədən gəlmiş professor Nevin Yörük və başqaları çıxış edərək, narkomaniyanın fəsadlarından danışıb, bu bəlaya qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da aktiv iştirak etməli olduğunu deyiblər.