CƏMİYYƏT
Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə bağlı məsələlər müzakirə olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu Astara Rayon İcra Hakimiyyəti ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə tədbir keçirib.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları, Astara rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri qatılıblar.
Tədbir iştirakçıları çıxışlarında narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, onun insan orqanizminə mənfi təsirləri, QİÇS və bir sıra başqa təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması barədə məlumat veriblər.
Eyni zamanda, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında tövsiyələr də verilib.
Həmçinin tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb. Tədbirlər çərçivəsində rayon komissiyasına metodiki kömək göstərilib və onlar əyani vəsaitlərlə təmin olunub.
Sonda iştirakçılar Heydər Əliyev Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış, narkomaniyanın törətdiyi fəsadlardan bəhs edən rəsm sərgisinə baxıblar.