CƏMİYYƏT
Narkotik vasitənin təsiri altında özünü öldürmək istəyən şəxs 20 gün müddətinə həbs olunub
Bakı, 14 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istəməsi barədə məlumat verib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Sumqayıt şəhər sakinləri Ə.Ağazadənin və R.Cəfərovanın olduqları yer müəyyən edilib, saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Polis əməkdaşları onların narkotik vasitənin təsiri altında olduqlarını müəyyənləşdiriblər. Həmin şəxslərin barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilib.
Quba Rayon Məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunub. R.Cəfərova isə 400 manat məbləğdə cərimələnib.