REGİONLAR
Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Tərtərdə tədbir keçirilib
Tərtər, 22 iyun, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası 26 İyun - Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirib. Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, rayon Polis Şöbəsinin, Gənclər və İdman idarəsinin, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin nümayəndələri, məktəb direktorları, psixoloqlar və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov tədbirdə çıxış edərək, ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı.
Elvin Umudov çıxışında Azərbaycan Respublikasında aidiyyəti qurumların narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bu gün də uğurlu mübarizə apardığını vurğulayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin müdiri Əlizadə Nəcəfov, Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşı Pərişan Orucova, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Ceyhun Əliyev, Rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov, Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin həkimi Fəridə Rzayeva narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıblar.