DÜNYA
NASA Rusiya üzərində müşahidə edilmiş meteoru qeydə ala bilməmişdir
Tokio, 16 fevral (AZƏRTAC). ABŞ Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsinin (NASA) yüksək vəzifəli nümayəndəsi bildirmişdir ki, onun təmsil etdiyi idarə fevralın 15-də Rusiyanın mərkəzi hissəsində müşahidə olunmuş və meteor olduğu güman edilən obyekti qeydə ala bilməmişdir.
NASA-nın planetologiya şöbəsinin direktoru Cim Qrin Yaponiyanın NHK kanalına fevralın 15-də verdiyi müsahibədə qeyd etmişdir ki, Rusiya üzərində müşahidə edilmiş obyekt ilkin məlumatlara əsasən orta ölçülü, diametri təxminən 15 metr olan meteor olmuşdur. NASA rəsmisinin sözlərinə görə, bu ölçüdə meteorun yaşayış məskəni yaxınlığında düşməsi çox az təsadüf edilən haldır.
C.Qrim etiraf etmişdir ki, NASA bu obyektin yaxınlaşmasını qeydə ala bilməmişdir. Bunun səbəbi isə, müşahidə texnologiyalarının müəyyən məhdudiyyətə malik olmasıdır. Hazırda Yer kürəsi ilə toqquşan meteorların yalnız 15 faizini qeydə almaq mümkündür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Sapporo