DÜNYA
NASA “təhlükəli” peykin enmə tarixini təsdiq etmişdir
Bakı, 23 sentyabr (AZƏRTAC). NASA UARS peykinin (Upper Atmosphere Research Satellite - atmosferin yuxarı təbəqələrinin öyrənilməsi üçün peyk) enmə tarixini müəyyənləşdirmişdir. Aparatın cümə günü, sentyabrın 23-də atmosferə daxil olacağı planlaşdırılır. Aparatın məhz həmin gün enməsi barədə informasiya çoxdan mövud olmuşdur.
UARS aparatı 2011-ci il sentyabrın əvvəllərində KİV-lərin və ictimaiyyətin diqqətini cəlb etməyə başlamışdır. Məlum olmuşdur ki, yaxın vaxtlarda aparat orbitdən çıxacaqdır. Hesablamalar göstərir ki, aparatın bəzi hissələri (ümumən 532 kiloqram çəkisində 26 ədəd fraqment) planetin səhtinə gəlib çata bilər. Onlardan ən böyüyü aparatın 150 kiloqram çəkisində olan gövdəsidir. Bundan başqa, aparatın məhz haraya düşəcəyi məlum deyildir.
Məsələyə aydınlıq gətirmək üçün NASA mətbuat konfransı təşkil etmişdir. Mətbuat konfransında bildirilmişdir ki, aparatın düşərkən kiməsə toxunması ehtimalı 1/3200 nisbətindədir. Buna görə də hökumətin təsnifinə görə, aparat təhlükəli deyildir.
UARS peyki 1991-ci il sentyabrın 12-də “Diskaveri” gəmisinin göyərtəsindən havaya buraxılmışdır. Atmosferin öyrənilməsi üçün nəzərdə tutulmuş aparatın çəkisi 5,9 tondur. 2005-ci ildə NASA aparatın istismarından imtina etmiş və bu ilin dekabrında onun kosmik fəzada olma müddətini qısaltmaq üçün peykin orbitini aşağı salmışdır.