İQTİSADİYYAT
Natiq Əliyev: TAP layihəsi üzrə tikinti işlərinə martda başlanılacaq
Bakı, 26 fevral, AZƏRTAC
Bu vaxtadək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə əlaqədar işlərin 20 faizindən çoxu yekunlaşdırılıb. “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə tikinti işlərinə isə martda başlanılması nəzərdə tutulur.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə energetika naziri Natiq Əliyevin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə keçirdiyi görüşdə məlumat verilib. Görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlığı məsələləri müzakirə edilib. Həmçinin, neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar dünya enerji bazarında yaranan son vəziyyət, hasilatın “dondurulması” təşəbbüsü ətrafında aparılan danışıqlar və Azərbaycan-İran enerji əməkdaşlığının hazırkı səviyyəsinə dair fikir mübadiləsi aparılıb.
N.Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin imzalanmasını Azərbaycan ilə İranın enerji sahəsində əməkdaşlığına töhfə kimi qiymətləndirib.
Səfir R.Sekuta ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoçsteynin fevralın 29-da Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclası çərçivəsində Azərbaycana baş tutacaq səfərindən bəhs edərək, layihənin gedişatı ilə maraqlanıb. O, layihənin icrasının sürətləndirilməsinə kömək edəcək təkliflərin Məşvərət Şurasının iclasında müzakirəyə çıxarılmasının əhəmiyyətini qeyd edib.
N.Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlərin qrafikə uyğun aparıldığını və Azərbaycanın layihə üzrə öhdəliklərini yerinə yetirdiyini diqqətə çatdırıb. Bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən olan “Şahdəniz Mərhələ 2” üzrə konsepsiyaya körpü ilə birləşdirilən iki dəniz platformasının tikintisi, quyuları sahildəki terminalla birləşdirəcək 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi, yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal Terminalının genişləndirilməsi ilə yanaşı, 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması daxildir. Hazırda bu quyulardan 8-i artıq qazılıb. “Cənub Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi” layihəsi üzrə işlər isə Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca davam etdirilir.
Energetika naziri TAP layihəsi üzrə müşahidə olunan çətinliklərdən də söz açaraq ABŞ-ın bu məsələdəki mövqeyini yüksək qiymətləndirib. Qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclası bu layihələrin vaxtında yerinə yetirilməsinə və Azərbaycan qazının Avropaya çatdırılmasına lazımi dəstəyi təmin edəcək.