REGİONLAR
Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən toplanılmış gömrük ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb
Bakı, 25 iyul, AZƏRTAC
2023-cü ilin yanvar-iyun ayları ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 41 milyon 650 min manat məbləğində gömrük ödənişləri toplanılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, toplanılmış gömrük ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon 632 min manat və ya 131 faiz artıq olub. 2023-cü ildə müəyyən olunmuş 53 milyon 278 min manat proqnoza qarşı cari ilin birinci yarısı ərzində 36 milyon 22 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin olunub. Bu ilin yanvar-iyun ayları ərzində toplanılmış vəsaitin 5 milyon 628 min manatı Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülüb.
Konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində, ümumilikdə 8 milyon 976 min ABŞ dolları məbləğində borcun 100 faizinin hüquqi və fiziki şəxslərin müvəkkil bankdakı hesablarına köçürülməsi təmin edilib.