REGİONLAR
Naxçıvan Dövlət Universiteti Xalq Çalğı Alətləri kafedrasının hesabat konserti maraqla qarşılanıb
Naxçıvan, 27 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Xalq Çalğı Alətləri kafedrasının hesabat konsertində xalq və bəstəkar mahnıları ifa edilib. Müəllim və tələbələrin ifasında səsləndirilən konsertin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aynurə Quliyeva olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konsertdə Şəfiqə Axundovanın “Həsrətindən”, Süleyman Əsgərovun “Şalaxo”, Səid Rüstəmovun “Qaytağı”, Vasif Adıgözəlovun “Xoşum gəlir”, Tofiq Bakıxanovun “Görüş yeri”, Cahangir Cahangirovun “Lirik mahnı” musiqiləri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. Fakültənin müəllim və tələbələrindən ibarət “Misri saz çalanlar” ansamblının ifasında “Koroğlu Dubeytisi, cəngi Koroğlu” mahnısı səsləndirilib.
Hesabat konserti ilə bağlı fikirlərini və təkliflərini səsləndirən müəllimlər tələbələrə uğurlar arzulayıblar.
Sonda universitetin rektoru Elbrus İsayev konsertlə bağlı xoş təəssüratlarını bölüşüb, tələbələrin müəllimləri ilə birgə çıxışını yüksək qiymətləndirib. Rektor müəllim və tələbələri təbrik edib, konsertdə fəal iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.