REGİONLAR
Naxçıvan Dövlət Universitetində bayram şənliyi
Naxçıvan, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi Naxçıvan Dövlət Universitetində ənənəvi bayramı şənliyi ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək 1989-cu ildə Naxçıvanda baş verən ictimai-siyasi hadisələrdən, milli azadlıq hərəkatının geniş vüsət almasından, ümummilli lider Heydər Əliyevin milli ideologiyanın təbliğindəki əvəzsiz xidmətlərindən danışıb.
Rektor başa çatmaqda olan 2016-cı ildə universitetin elm, təhsil, dünyaya inteqrasiya, mədəniyyət və idman sahəsində qazandığı uğurlardan bəhs edib, pedaqoji kollektivə və tələbələrə bayram təbriklərini çatdırıb.
Sonra bayram şənliyi başlayıb. Universitetin incəsənət fakültəsinin tələbələrindən Rüstəm İbrahimov, Ləman Vəliyeva və Məhərrəm Quliyevin, Naxçıvan Muxtar Respublikasında keçirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi - 2016”nın qalibi Yusif Hacıyevin, vokal qrupunun oxuduğu mahnılar, “Ziya” instrumental ansamblının təqdim etdiyi rəngarəng musiqi nömrələri alqışlarla qarşılanıb.
Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında 2016-cı ildə keçirilən yarışın qalibi, universitetin “Karvan” şən və hazırcavablar komandasının yumoristik səhnəcikləri tamaşaçılarda şən əhvali-ruhiyyə yaradıb.