İDMAN
Naxçıvan Dövlət Universitetində bədən tərbiyəsi və idman gününə həsr olunmuş voleybol yarışı keçirilmişdir
Bakı, 6 mart (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) 5 mart - bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirilmişdir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycanın qədim idman tarixindən, ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında (MR), o cümlədən NDU-da idmanın inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüşdür. MR rəhbərliyi tərəfindən bu sahəyə göstərilən qayğının təzahürüdür ki, 2012-ci ildə universitetin futbol komandası muxtar respublika birinciliyində və ümummilli lider Heydər Əliyevin xatirə turnirində II yeri tutmuş, ali məktəblərin Azərbaycan birinciliyində III mükafatçı olmuşdur. Universitetin qızlardan ibarət badminton komandası Azərbaycan ali məktəblərinin birinciliyində III yeri tutmuşdur. Universitetin atletika, şahmat, voleybol, badminton, cüdo, sərbəst güləş komandaları Naxçıvan MR çempionu olmuşlar. “Tələbə universiadası” tələbələr arasından ən müxtəlif idman növləri üzrə perspektivli idmançıların müəyyənləşdirilməsinə, universitetin respublika və beynəlxalq miqyaslı idman yarışlarında uğurla təmsil olunmasına şərait yaratmışdır. Sonra voleybol yarışına start verilmişdir. MR Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda universitetin və Ordubad rayonunun voleybol komandaları iştirak etmişlər. Yarış 3:0 hesabı ilə universitet komandasının qələbəsi ilə nəticələnmişdir. Sonda qaliblər mükafatlandırılmışla. Yarış iştirakçıları adından çıxış edən tələbələr milli idmanın inkişafında böyük rolu olmuş ümummilli liderin anadan olmasının 90 illik yubileyinin qeyd olunduğundan, “Heydər Əliyev ili” elan olunan 2013-cü ildə belə bir yarışda qələbə qazanmaqlarından qürur duyduqlarını bildirmişlər.