ELM VƏ TƏHSİL
Naxçıvan Dövlət Universitetində dəqiq elmlərin aktual məsələlərinə həsr olunmuş konfrans keçirilmişdir
Bakı, 18 mart (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) “Fizika, riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda elmi konfrans keçirilmişdir.
NDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli ölkədə dəqiq elmlərin inkişafına, müasir informasiya texnologiyalarının tətbiqinə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, universitetdə elektron təhsilin formalaşması, müasir texnologiyaların köməyi ilə virtual əlaqələrin genişlənməsi, beynəlxalq videokonfrans və onlayn bağlantıların təşkili, internet resurslarının sürətinin artırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Rektor ötən illərdə də Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dəqiq elmlərin aktual problemlərinə həsr olunmuş konfransların keçirildiyini, bu konfransların zəruriliyini vurğulayaraq 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən də bəhs etmişdir. Konfransda universitetin riyazi analiz kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Elşad Ağayev “Dirak funksiyasının diferensial tənliklər nəzəriyyəsində bir tətbiqi”, rabitə və informasiya texnologiyaları kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov “Kompyuterdə əməliyyat sisteminin viruslardan və istifadəçilərin müdaxilələrindən qorunması”, ümumi riyaziyyat kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Həsənov “Qeyri-səlis cəbrin bəzi elementləri”, ümumi və nəzəri fizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Xanəli Həsənov “Müasir fizikanın və astrofizikanın aktual problemləri” mövzusunda məruzələr etmişlər.