REGİONLAR
Naxçıvan Futbol Federasiyasının sədri seçilib
Naxçıvan, 18 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, muxtar respublikada 17 stadion, 28 mini futbol meydançası vardır və hazırda 100 qrup üzrə 1244 yeniyetmə və gənc aktiv şəkildə futbolla məşğuldur. Rayon və kəndlərdə əhalinin, xüsusilə də gənc nəslin futbola olan marağının daha da artırılması məqsədi ilə Şərur rayonunda 4, Culfa rayonunda 2, Sədərək rayonunda 2, Ordubad və Kəngərli rayonlarının hərəsində 1 olmaqla, ümumilikdə, 10 stadion əsaslı təmir edilərək istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, son dövrlərdə məşqçi və hakimlər üçün seminarlar, kurslar, uşaq futbol komandaları arasında beynəlxalq turnir, Region Liqasının yeni mövsümləri, futzal və çimərlik futbolunda ilk peşəkar liqa və çempionatlar keçirilib. AFFA-nın “Qızlar bacarır” və UEFA “Qrassruts” layihələrinin icrası təmin olunub. Yerli və xarici əməkdaşlıq əlaqələri sayəsində gələcək planların icrası üçün məqsədyönlü addımlar atılıb.
Federasiyanın sədr müavini Sakit Rzayev federasiyanın ötənilki fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.
Hesabat-seçki yığıncağında Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri, “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib. Vüqar Abbasov qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb.
Göstərilən etimada görə minnətdarlığını bildirən Vüqar Abbasov Futbol Federasiyasının muxtar respublikada futbolun inkişafı istiqamətində sistemli tədbirlər görəcəyini qeyd edib, bu istiqamətdə səylə çalışacaqlarını vurğulayıb.