SİYASƏT
Naxçıvan görüşü bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının məkrli planlara qarşı bir sədd olduğunu göstərdi - ŞƏRH

Bakı, 26 sentyabr, AZƏRTAC
Müasir dünya siyasətində strateji müttəfiqlik münasibətlərinə malik dövlətlərdən ABŞ və Böyük Britaniya, Rusiya və Belarus, Yaponiya və Cənubi Koreyanı misal göstərə bilərik. Bununla belə, hətta bu dövlətlər arasında zaman-zaman müəyyən narazılıqlar, enişli-yoxuşlu münasibətlər dinamikasının şahidi olmuşuq. Bu baxımdan hazırkı dövrdə Azərbaycan-Türkiyə əlaqələri həqiqətən də dünyada bənzəri olmayan müstəsna səviyyədədir. Bu reallığı ötən gün Naxçıvan şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə tarixi görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdi.
Naxçıvanda baş tutan bu görüş Azərbaycan-Türkiyə qardaşlığı salnaməsinə qızıl hərflərlə həkk olundu. Bu salnamənin ilk səhifələri keçmiş dövrlərə gedib çıxsa da, ən oxunmalı və rəngarəng hissələri məhz hazırkı fəsillərdir. Çünki məhz bu fəsillər Türkiyə ilə Azərbaycan arasında ticari-iqtisadi, enerji sahələrində sürətlə artan əməkdaşlığı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri, İkinci Qarabağ müharibəsi dövründə və Qarabağ Zəfərindən sonra Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyini, müttəfiqlik haqqında Şuşa Bəyannaməsini, nəhayət 2023-cü il sentyabrın 25-də baş tutan Naxçıvan görüşünü əks etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Sultan Zahidov səsləndirib.
Politoloqun sözlərinə görə, Naxçıvan görüşünün mərkəzi hadisəsi hər iki ölkə rəhbərlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi oldu. Xatırlatmaq yerinə düşər ki, hələ 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan ilə Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair Anlaşma Memorandumu imzalanmışdı. 2022-ci ilin fevralında isə Azərbaycan Prezidentinin Sərəncamı ilə boru kəmərinin tikintisinə dövlət büdcəsindən vəsait ayrılmışdı. Boru kəməri ildə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. Prezident İlham Əliyevin təbirincə desək, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri tarixində önəmli hadisədir və iki ölkə arasındakı əlaqələrə yeni təkan verməklə yanaşı, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin edilməsinə imkan yaradacaq. Layihə Naxçıvanın qaza olan enerji tələbatını şaxələndirməklə bərabər, davamlı və etibarlı enerji təchizatını təmin edəcək. Qeyd edək ki, bu günədək Naxçıvanın qaza olan tələbatı 2005-ci ildə İranla imzalanmış svop müqaviləyə əsasən təmin edilirdi. Yeni kəmərin inşası Azərbaycan-Türkiyə münasibətlərini daha da inkişaf etdirməklə yanaşı, heç şübhəsiz, Naxçıvanın enerji təhlükəsizliyini də qarantiya altına alacaq", - deyə S.Zahidov vurğulayıb.
Politoloq bildirib ki, Naxçıvanda keçirilən görüşdə iki ölkə arasında bərpaolunan mənbələrdən istehsal edilən enerjinin ötürülməsi sahəsində, Türkiyənin zəlzələdən əziyyət çəkmiş Kahramanmaraş şəhərində binaların, bağçaların və ibtidai məktəblərin tikilməsi ilə bağlı sənədlər, o cümlədən Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması mühüm hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənədlər Türkiyə-Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət göstərəcək.
Naxçıvan görüşünün siyasi əhəmiyyətinə toxunan S.Zahidov deyib: "Naxçıvan görüşü növbəti dəfə bütün dünyaya, o cümlədən Cənubi Qafqazda "kirli" oyunlar sərgiləmək istəyən qüvvələrə Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığı və bu qardaşlığın bütün məkrli neokolonial, imperialist planlara qarşı bir sədd olacağını nümayiş etdirdi. Naxçıvan görüşünün geosiyasi və geoiqtisadi əhəmiyyətini də unutmamalıyıq. Xatırladaq ki, təxminən 100 il öncə Türkiyənin ozamankı rəhbəri Mustafa Kamal Atatürk Naxçıvan haqqında “Türk dünyasının qapısı” ifadəsini işlədib. Daha sonra 1921-ci ildə imzalanan Moskva və Qars razılaşmalarında məhz Türkiyənin səyləri ilə Naxçıvana Azərbaycan SSR-in daxilində muxtar vilayət statusu verilmiş və beləcə sovet rəhbərliyinin Naxçıvanla bağlı məkrli niyyətləri puça çıxmışdı. Həqiqətən də Naxçıvan bir qapıdırsa, Zəngəzur o qapının dəhlizidir və 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə bu dəhliz öz funksiyasını itirmiş oldu".
Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə bu dəhlizin bərpası üçün əllərindən gələni əsirgəmir. Hazırda Azərbaycanla Naxçıvan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin Azərbaycan hissəsi inşa edilməkdədir və gələn ilin sonuna tam hazır olacaq. Bu dəmir yolu xətti Naxçıvan-Qars xətti ilə birlikdə Orta Dəhlizin mühüm halqasına çevrilməklə Şərqlə Qərb arasında ticari-iqtisadi inteqrasiyaya böyük töhfələr verməklə yanaşı, Cənubi Qafqaz regionunun iqtisadi inkişafına da vəsilə olacaq. Zəngəzur və Naxçıvandan keçən kommunikasiya xətləri Türkiyə ilə Azərbaycanı bir-birinə daha da çox bağlamaqla yanaşı, Mərkəzi Asiya dövlətlərinin də regionla əlaqələrini inkişaf etdirərək, Türk dünyası daxilində inteqrasiya proseslərinə töhfə verəcək. Eyni zamanda, İğdır-Naxçıvan qaz kəməri regiondakı digər enerji layihələri ilə paralel şəkildə Avropanın da enerji təhlükəsizliyinə öz töhfəsini verməklə Azərbaycanın və Türkiyənin geostrateji əhəmiyyətini daha da artırmış olacaq.
“Yekun olaraq qeyd etmək lazımdır ki, Türkiyə-Azərbaycan əlaqələri həndəsi silsilə ilə inkişaf etməyə davam edir və bu münasibətlər Cənubi Qafqaz regionuna sülh, sabitlik və inkişaf vəd edir. İki ölkə arasındakı qardaşlıq, nəinki regionun, hətta bütün Avrasiya qitəsinin iqtisadi potensialına töhfə verəcək yeni geosiyasi reallıqlar yaratmaqdadır. Bu reallığı artıq Ermənistan qəbul etsə də, zaman-zaman xarici hamilərinin fitnələrinə uyaraq, destruktiv addımlar atmağa davam etməkdədir. Bu baxımdan Ermənistan əgər həqiqətən də sülh və inkişafda maraqlıdırsa, Azərbaycanın təkliflərinə konstruktiv yanaşaraq qısa zamanda sülh sazişinin imzalanmasına öz töhfəsini verməli və nəhayət Fransanın manipulyasiya aləti olmaqdan çıxaraq, indiki Parisin bu messaya dəymədiyini anlamalıdır", - deyə Sultan Zahidov fikirlərini yekunlaşdırıb.