REGİONLAR
Naxçıvan karateçiləri dünya çempionatında üç medal qazanıblar
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Serbiyanın Zrenjanin şəhərində Dünya Şotokan Federasiyasının 28-ci dünya çempionatında iştirak edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının üç idmançısı medal qazanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 12-13 yaş kateqoriyasında mübarizə aparan Yaqub Qəmbərov (-43 kiloqram) “şobu ippon” və “şobu sanbon” qaydaları üzrə 2 gümüş medal qazanıb. Digər təmsilçimiz Rafiq Hüseynli (-40 kiloqram) isə 10-11 yaş kateqoriyasında “şobu ippon” üzrə bürünc medala layiq görülüb.
Federasiya idmançıları 14 noyabr tarixində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş açıq Bakı turnirinə də qatılıblar. Yekun nəticələrə əsasən, Naxçıvan komandası medalların sayına və əyarına görə (7 qızıl, 6 gümüş və 4 bürünc) turniri ikinci sırada tamamlayıb.
Karateçilərimizdən Ayxan Musayev I, II və III yerlər olmaqla, 3 medal qazanıb. Vüsal Seyidov, Qafar Hüseynli, Canər Abbaszadə, Səma Bağırova, Gültac Cəfərova və Sadiq Qənbərov qızıl medala sahib olublar. Nərgiz Həsənli II və III yerlər olmaqla, 2 medal əldə edib. Fatimə Bədəlova, Sona Bağırova və Məhəmməd Bağırov gümüş, Həsən Səfərli, Saleh Qənbərov və Abbas Əliyev bürünc medala layiq görülüblər.