NAXÇIVAN MR ALİ MƏCLİSİNDƏ GÖRÜŞLƏR
Ali Məclisin sədri muxtar respublikanın 37 ümumtəhsil məktəbində fransız dilinin tədris edildiyini, Naxçıvan Dövlət Universitetinin Paris Universiteti ilə sıx əlaqələr yaratdığını xüsusi vurğulamışdır.
Səfir Rolan Blatman Naxçıvana səfərinin iki ölkə arasında qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirmişdir. O demişdir ki, Fransa-Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Dövlət başçısı arasında son bir ildə keçirilən görüşlər və aparılan danışıqlar bunu sübut edir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
X X X
Səfir Rolan Blatman Naxçıvan Dövlət Universitetində də olmuş, bu ali təhsil ocağının rektoru, akademik İsa Həbibbəyli ilə görüşmüşdür.
Qonaqlar fransız dilini öyrənən tələbələrin Jorj Sandın tərcüməsi əsasında hazırladıqları “Koroğlu” dastanından bir parçaya tamaşa etmişlər.
X X X
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz ilə görüşündə iki dost və qardaş ölkə arasında yaranmış mehriban münasibətləri vurğulamış, əlaqələrin gündən-günə genişlənməsində və möhkəmlənməsində səfirin xidmətlərini yüksək qiymətləndirmişdir.
V.Talıbov səfirin ölkəmizdə diplomatik missiyasını başa vurmasından təəssüfləndiyini bildirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Səfir Əhməd Ünal Çeviköz demişdir ki, Azərbaycanda diplomatik xidmətdə olduğu illəri heç vaxt unutmayacaq, xoş xatirə kimi qəlbində həmişə yaşadacaqdır.
Türkiyənin Naxçıvandakı Baş konsulu Nevzat Uyanık görüşdə iştirak etmişdir.