REGİONLAR
Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün onlayn açıq dərs keçirilib
Naxçıvan, 6 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirin verilməsi” mövzusunda onlayn açıq dərs keçirilib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirin moderatoru, kitabxananın direktoru Kamal Axundov çıxışında “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamının əhəmiyyətini qeyd edib. O, həmin dövlət sənədinin muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində oxuyan gənclərin dərin elmi biliklərə yiyələnmələrində və onların seçdikləri ixtisarlar üzrə tam hazırlıqlı mütəxəssislər kimi yetişdirməsində mühüm rol oynadığını bildirib.
Kitabxananın şöbə müdiri Nüşabə Seyidova tələbələrə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirlərinin verilməsi” mövzusunda geniş mühazirə ilə çıxış edib.
Sonra mövzu ətrafında tələbələrlə geniş müzakirələr aparılıb və onları maraqlandıran suallar kitabxana əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.